Xəbər - Humay Ağacanova – Trend:
Hazırda dünya bazarında inflyasiyanın yüksəlməsi və istehlak qiymətlərinin artımı müşahidə olunur.
Səudiyyə Ərəbistanı Statistika Komitəsinin 2021-ci ilin may ayına olan məlumatına əsasən, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə SƏK bazarında 10 kateqoriya üzrə 166 adda istehlak məhsulunun və xidmətin 140-ının orta qiymətində artım müşahidə olunub.
BƏƏ Federal Statistika Mərkəzinin məlumatına görə, 2021-ci ilin avqust ayında istehlak mallarının qiymətlərində 2019-cu ildən sonra (son 30 ay ərzində) ilk dəfə olaraq artım baş verib. Artım cari ilin iyul ayı ilə müqayisədə 0.43 faiz, illik müqayisədə isə 0.55 faiz təşkil etmişdir. Qida və içki məhsullarının qiymətində aylıq müqayisədə 0.74 faiz artım baş vermişdir.
2021-ci ilin aprelində Küveytdə illik inflyasiya 3,1 faiz, may ayında 3,2 faiz olub. Qida və içkilər üzrə inflyasiya artıb və cari ilin aprelində 10,75 faiz, may ayında isə 11,34 faiz, geyim və ayaqqabılarda 5,93 faiz və 6,03 faiz, müxtəlif mallar və xidmətlər üzrə 4,69 faiz və 4,90 faiz təşkil edib. Cari ilin iyununda inflyasiya 3,36 faizə yüksəlib. Bu, 2016-cı ilin sentyabrından bəri ən yüksək göstərici idi.
Trend-ə açıqlaması zamanı iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib ki, dünya bazarında ərzaq məhsullarının qiyməti son 30 ildə ən yüksək həddə yüksəlib və praktiki olaraq, bütövlükdə, ərzaq bazarında qlobal istehal bazarı üzrə 30 faizə yaxın artımı 2021-ci ildə müşahidə etdik.
“Qlobal olaraq, istehlak mallarının qiymətində artımlar müşahidə olundu və bu artımlar davam edir. Neft ölkələri xüsusən ərzaq məhsullarını, o cümlədən bir sıra qeyri-ərzaq məhsullarını idxal edən ölkələrdir. Körfəz ölkələri də istehlak mallarının əhəmiyyətli hissəsini idxal edirlər. Praktiki olaraq, iqtisadiyyat daha çox neft hasilatı və ixracatı üzərində qurulub. Bu baxımdan, neft ölkələrində müşahidə edilən inflyasiya daha çox idxal inflyasiyasıdır. İdxal məhsullarının dünya bazarında qiymətlərinin artması həmin ölkələrdə istehlak qiymətləri inedksinin artmasına səbəb olub”, – deyə o qeyd edib.
V.Bayramovun sözlərinə görə, 2022-ci ilin birinci yarısında da dünya bazarında qiymət artımlarının davam edəcəyi gözlənilir.
“Bu, həm də neft ölkələrindəki qiymətlərə təsirsiz ötüşməyəcək. Bu baxımdan, körfəz ölkələri istehlak mallarına olan tələbin ödənilməsində idxaldan asılı olduğuna görə dünya bazarında müşahidə edilən qiymət artımları həmin ölkələrdə inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarır“, – deyə o vurğulayıb.