Yanvarın 25-də İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər etdi. Səfər çərçivəsində bir sıra vacib görüşlər keçirildi. Azərbaycan və İran arasında enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sahələrdəki proyektlər haqda müzakirələr aparıldı.
İranla Azərbaycan arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyuldu. Körpünün bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.
Son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanmışdı.
Azərbaycanın qonşuları ilə münasibətləri inkişaf edən xətt üzrə davam edir.
Mövzu ilə bağlı AzerTimes-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki,Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbəsi ilə yaratdığı yeni reallıq region ölkələri tərəfindən qəbul olunur.
“İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin Füzuli Beynəlxalq Hava Limanına uçuş etməsi və Zəngilana səfər etməsi də bu konteksdə yüksək dəyərləndirilir. Azərbaycan bütün qonşu ölkələri ilə səmimi qonşuluq münasibətlərində olmaq və əməkdaşlıq platformalarını genişləndirmək niyyətindədir. O cümlədən, İran Azərbaycanın yaxın qonşusu, xüsusilə, mədəni, tarixi və ictimai bağları ilə daha yaxın olan bir ölkədir. Keçən ilin noyabrında cənab Prezident İlham Əliyevin İran Prezidenti İbrahim Rəisi ilə görüşü və görüşdə ölkələrimiz arasındakı münasibətlərin inkişafına müsbət impuls verən müzakirələri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açmışdır. Azərbaycanla İran arasında əməkdaşlıq etmək üçün istifadə olunmamış potensial çox genişdir. Cənab Rüstəm Qaseminin səfəri çərçivəsində Astaraçay üzərində yeni avtomobil körpüsünün və piyada keçidinin tikilməsi ilə bağlı sənəd imzalanmışdır. “Xudafərin” Su Elektrik Stansiyasının inşa edilməsi, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması müzakirə olunan mövzularda prioritet olmuşdur. Azərbaycanın İranla yükdaşımalarının həcmi sürətlə artmaqdadır. Qeyd etdiyim Astaraçay körpüsünün yenidən tikilməsi ölkələrimizin tranzit imkanlarını genişləndirəcəkdir. O cümlədən, İran nümayəndə heyəti Zəngilan rayonuna səfəri çərçivəsində Zəngəzur dəhlizinin tərkib hissəsi olaraq inşa etdiyimiz nəqliyyat layihələri ilə tanış olmuşdur. İran yeni reallığa uyğun yaratdığımız 3+3 formatında iştirak edir və Zəngəzur dəhlizinin açılışı bu istiqamətdə region ölkələrin eyni platformada əməkdaşlıq etmək imkanlarını genişləndirəcəkdir”, – deyə deputat qeyd edib.
O bildirib ki, həmçinin işğaldan azad olunmuş ərazilədə yenidənqurma və bərpa işlərində, investisya layihələrinin icrasında İran şirkətləri də iştirak etməkdə maraqlıdır.
“Düşünürəm ki, regionda yaratdığımız yeni reallıq qonşu dövlətlər tərəfindən yüksək dəyərləndirilir, bu, regionda əməkdaşlıq və təhlükəsiz mühitin formalaşmasına töhfə verəcəkdir”, – o qeyd edib.
“Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev isə Trend-ə açıqlamasında bildirib ki, Vətən müharibəsi və keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllindən az sonra Azərbaycan – İran münasibətlərində yeni mərhələ başladı.
“Azərbaycanın erməni işğal və təcavüz faktına son qoyması regionda dövlətlərarası əməkdaşlıq imkanlarını xeyli genişləndirdi və ona prinsipcə yeni xarakter verdi. Çox yaxşı haldır ki, qonşu İran dövlətinin rəhbərliyi bölgəmizdə müharibədən sonra açılmış daha geniş əməkdaşlıq imkanlarına real qiymət verə bilir və yaranmış vəziyyətdən regional əməkdaşlığı genişləndirmək üçün səmərəli istifadə edir.
İnkar edilə bilməz ki, hazırda Azərbaycan – İran əməkdaşlığı daha dinamik və genişlənən xətt üzrə gedir. Azərbaycan-İran əməkdaşlığı hazırkı məzmununa görə müharibədən əvvəlki dövrlə müqayisədə daha geniş, çoxşaxəli və sürətlidir. Yüksək səviyyəli münasibətlər Azərbaycanın qalibiyyətli müharibə ilə bölgədə yaratdığı yeni reallıqların və iki ölkə rəhbərliyinin yeni imkanlara tam real baxa bilmələrinin nəticəsidir. Azərbaycan- İran əlaqələri tarixdə hələ heç vaxt indiki səviyədə olmayıb. Milli, dini, humanitar və tarixi eyniliklərə malik iki ölkənin əlaqələrinin daha dərindən inkişafına on illər boyu Ermənistanın təcavüzkar siyasəti mane olurdu. Hazırda qonşu İran dövləti Azərbaycanla hərtərəfli əlaqələrini sırf iki ölkənin maraqları üzərində qurur ki, bu da daha böyük perspektivlər vəd edir”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan – İran münasibətlərinin iqtisadi, nəqliyyat, logistika və tranzit imkanları heç vaxt olmadığı qədər genişlənib. Təcavüzkar Ermənistanın pozucu siyasətinin əsasən aradan qaldırılması iki ölkənin əməkdaşlığında yeni istiqamətlər açdı.
“Azad edilmiş Azərbaycan rayonlarında İranın investisiya fəaliyyətləri üçün açılmış imkanlar demək olar ki, tam yeni istiqamətdir. Ərazilərimizin bərpasında İranın özəl və dövlət sektorunun iştirakı iki ölkənin münasibətlərini daha da zənginləşdirəcək. İki ölkənin sərhədində qanunsuz işğal rejiminə son qoyulması Azərbaycan və İran üçün həm də müstəsna əhəmiyyətli, daha möhkəm təhlükəsizlik məsələsidir. İranın yol və şəhərsalma nazirinin Azərbaycana səfərinin işğaldan yeni azad edilmiş rayonlardan başlaması tarixi, praktik və rəmzi əhəmiyyət daşıyan hadisədir.
İran-Azərbaycan münasibətlərindəki yeni dövr Şimal-Cənub dəhlizində əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərir. Astaraçay üzərində yeni körpunun salınması belə imkanların hələ genişlənəcəyini göstərir. Qonşu İranla Azərbaycanın genişlənməkdə olan əlaqələri hamıya faydalı olan “3+3” formatının reallaşma imkanlarını daha da artırır. Azərbaycan-İran əlaqələrinin hərtərəfli xarakter alması bölgəmizdə erməni revanşizminin pozuculuq və yeni müharibə risklərini də xeyli zəiflədə bilər.
Vətən müharibəsindən sonra Azərbaycan – İran əməkdaşlığı daha uzaq perspektivli yola çıxıb”, – deyə A.Quliyev əlavə edib.