Aprelin 29-da ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistan baş naziri arasında telefon danışığı olub. Bu gün ABŞ Dövlət katibi Blinken Prezident İlham Əliyevlə telefonla danışaraq sülh sazişi məsələsini müzakirə edib. Məlumdur ki, ötən günlərdə sülh sazişi ilə bağlı danışıqların keçirilməsi üçün Moskva və Vaşinqton arasında sanki üstünlük qazanma yarışı var idi.
AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, erməni mediası keçən həftə hakimiyyətdəki mənbələrinə istinadla yazıb ki, “Vaşinton İrəvana may ayının sonuna qədər sülh müqaviləsinin ilkin variantının təsdiq edilməsi üçün təzyiq edir”:
“İddialara görə, sülh sazişi layihəsini bu yaxınlarda ABŞ Dövlət katibinin müavini Erika Olson Baş nazir Paşinyana təqdim edib. Məlumatda bildirilir ki, sülh sazişi layihəsinin təfərrüatı haqda bilgi yoxdur, ancaq Ermənistanın maraqlarına “cavab vermədiyi” ehtimal olunur”.
Politoloq deyib ki, görünür, Azərbaycan-Ermənistan sülh danışıqlarında beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib:
“Bəzi insayd məlumatlara görə, danışıqlar bir neçə gün davam edə bilər. Bu artıq prosesin ciddi xarakterindən xəbər verir. Burada əsas məsələ bundan ibarətdir ki, sülh müqaviləsinin yol xəritəsində hər nöqtəyə, hər vergülə, hətta hər nidaya ciddi diqqət yetirilsin. Ötən dövr ərzində qarşı tərəfin neçə söz oyununa getdiyini, bəyanatları öz bildikləri kimi necə interpretasiya etdiyinin şahidi olmuşuq.
Vaşinqton çalışır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə qədər bütün məsələlərin razılaşdırılmasına nail olsun və Moskvanın təşəbbüsü ilə keçirilən görüşü əhəmiyyətsiz etsin. Ötən il Praqadan sonra Soçidə imzalanan sənədlərin mahiyyəti dediklərimizi təsdiq edir. Artıq Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib. Moskva da prosesləri diqqətlə izləyir və danışıqlar bir neçə gün davam edərsə, o zaman istisna olunmur ki, təxribatlar da baş verə bilər. Buna da hazırlıqlı olmaq lazımdır. Həmçinin ötən həftəsonu İrəvanda olan Fransa XİN başçısı Ketrin Kolonna bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ bilərlər. Görünür, Kişinyov görüşünə qədər Vaşinqton tərəflərin mövqelərini maksimum dərəcədə yaxınlaşdırmağa çalışacaq. ABŞ-ın diplomatik fəallığı fonunda sülh müqaviləsinin imzalanacağı iddiası güclənir. Vasitəçilərdən asılı olmayaraq bizim sülh gündəliyimiz dəyişməz qalır”.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək. Blinkenin iştirakı ilə üçtərəfli görüşün isə Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır.