Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 26 ünvanında fəaliyyət göstərən “Ağa Çayı” kafesindən atmosfer havasına tüstünün yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
AzerTimes xəbər verir ki, Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən iaşə obyektinin fəaliyyəti zamanı atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə kafedə qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən olunub.
“Faktla bağlı kafenin səlahiyyətli nümayəndəsi Şakir Məmmədov barəsində protokol tərtib olunub. Eyni zamanda, kafedə təmizləyici qurğunun quraşdırılması məqsədilə ona məcburi göstəriş verilib”.