Son günlər meşə fondu ərazilərində və digər yaşıllıq sahələrində
yanğın hadisələri qeydə alınır ki, bunların da əksəriyyəti
insanların ehtiyatsızlığından irəli gəlir. Havaların istiləşməsi,
küləkli hava şəraitinin üstünlük təşkil etməsi isə meşə
yanğınlarının baş vermə təhlükəsini artırır.
Trend xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin
müavini Firdovsi Əliyev bildirib ki, son günlər Qəbələ və Oğuz
rayonlarının meşə ərazilərində, eləcə də vətəndaşların pay
torpaqlarında və örüş sahələrində baş verən yanğın hadisələri bunun
bir göstəricisidir.
Nazir müavini yanğın hadisələrinin baş verməməsi üçün kənd
təsərrüfatı ilə məşğul olan sahibkarları, fermerləri, meşə
ətrafında yaşayan kənd sakinlərini, heyvandarlıq və əkinçiliklə
məşğul olan vətəndaşları odla ehtiyatlı davranmağa, yanğın
təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə, biçindən sonra
sahələrə od vurmamağa, söndürülməmiş siqaret kötüklərini ətrafa
atmamağa, yanğına şərait yaradan bütün hallara qarşı birgə
mübarizəyə çağırıb.