Hindistanın Dehli bölgəsində havanın keyfiyyət indeksi 470 bala qalxaraq “təhlükəli” səviyyəyə çatıb.
AzerTimes Bakupost.az-a istinadən bildirir ki, bu səbəblə məktəblərdə təhsilin dayandırılmasına qərar verilib.
Dehlinin Baş naziri Arvind Kecrival keçirdiyi mətbuat konfransında bildirib ki, son bir neçə gündə havanın keyfiyyətinin pisləşməsinə həddindən artıq küləş yandırılması səbəb olub:
“Çirklənmə ilə bağlı vəziyyətə nəzarət etmək üçün bütün addımları atırıq. Sabahdan etibarən Dehlidə bütün ibtidai məktəbləri bağlayırıq. Bu, problemin həllini tapmağın vaxtıdır, günahlandırmağın deyil”.
Baş nazir dizel mühərrikli avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulduğunu və yollarda nəqliyyat vasitələrinin sayını azaltmaq üçün “tək nömrə, cüt nömrə” tətbiqinin bərpa edilə biləcəyini söyləyib.
Qeyd edək ki, Hindistan küləş yandırılması və avtomobil emissiyaları nəticəsində yaranan hava çirkliliyi ilə mübarizə aparır. Fermerlər tərəfindən yandırılan küləş Hindistanda havanın çirklənmə səviyyəsini hər il pisləşdirir. Paytaxt Yeni Dehli dünyanın ən çirkli şəhərləri sırasındadır. Ölkənin 12 şəhərində havanın keyfiyyət indeksi 400 baldan yüksəkdir.
Havanın çirklənmə səviyyəsini göstərən hava keyfiyyəti indeksi dəyərlərinə görə norma 50 baldır. 150 baldan etibarən hava sağlamlığa zərərli hesab edilir. 301-500 bal isə təhlükəli səviyyə hesab olunur.