Hardan biləydim ki, bu, sonuncu görüşümüzdür…

Hardan biləydim ki, bu, sonuncu görüşümüzdür…

Qənirə xanımla tanışlığımızın tarixçəsi təqribən 20 ildən çox olar. Yadımdadır, Bakıda Kərkük türkmanlarının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bir tədbiri var idi. Qənirə xanımı həyatda ilk dəfə orada gördüm. Həmin tədbirdə Qənirə xanımın atası da, əmisi professor Qəzənfər Paşayev də iştirak edirdi.

Sonrakı illərdə Qənirə xanım məni fəaliyyətlərimdən dolayı tanıdı. Təbii ki, bu tanıtımda dostum, qardaşım, birlikdə fəaliyyətini yürütdüyümüz Dünya Gənc Türk Yazarlar Birliyinin o zamankı başqanı, şair Əkbər Qoşalının da mühüm rolu oldu.

Dostlarımız da ortaq idi. Özbəkistanın məşhur şairi Xasiyət Rüstəmin “Qorxunc” adlı şeirlər kitabını Azərbaycan türkcəsinə mən uyğunlaşdırmışdım. İllər əvvəl Xasiyət xanım bir neçə elm adamıyla birlikdə Bakıya gəlmişdi. Qənirə xanım onlarla “Azərkitab”da görüş keçirirdi. Tədbirdə çoxlu insan iştirak edirdi. Tədbirin başlamasına dəqiqlər qalmış Qənirə xanım foyeyə daxil oldu. Uzaqdan məni görüncə: “Əziz bacım”, deyib qollarını açdı və yaxınlaşıb məni qucaqladı. Onun bu sadəliyi, canayaxınlığı şair qəlbimə elə təsir etmişdi ki…

Tədbirdə Qənirə xanım mənim haqqımda xüsusi çıxış etdi. Qeyd etdi ki, Xasiyət Rüstəmi Azərbaycan oxucusuna ilk olaraq Rəsmiyyə xanım tanıtdırıb. Tədbirin sonunda Özbəkistandan onun üçün gətirilən hədiyyəni də mənə bağışladı. O qədər xeyrixah, qəlbiaçıq idi ki… Heç kimi diqqətdən kənarda qoymurdu.

Sonradan çox tədbirdə bir yerdə olduq. Onunla şəxsi iki görüşüm yaddaşımda xüsusi iz qoyub. Görüşlərdən biri məktəbli qızım Minarənin çəkdiyi “Xarıbülbül” adlı rəsm əsərini ona təqdim etdiyi zaman olmuşdu. Qızım Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının rəssamlıq bölümündə təhsil alır. Qənirə xanımın Şuşa sevgisini bilən qızım onun üçün bir rəsm əsəri çəkmişdi. Qənirə xanım bizi görüşə dəvət etdi. Görüşdə əzəli, əbədi dostumuz – Əkbər Qoşalı da iştirak edirdi. Qəribədir, özü ana ola bilməsə də, bütün uşaqlara bir ana kimi həssaslıqla yanaşırdı. Minarə ilə söhbət etdi, ona hədiyyələr verdi, onunla birlikdə şəkillər çəkdirdi. Qənirə xanım bir neçə dəqiqənin içində Minarənin sevgisini qazandı. Bax, Qənirə xanım belə biri idi… Sevgi dolu, şəfqət dolu… Hamının sevimlisiydi. Yeddidən yetmişə tanıyan hər kəs onu sevirdi. Sanki dünyadakı missiyası sevgi, şəfqət paylamaq idi… Axı o, “Adam kimi Adam” idi…

İkinci görüş 2023-cü ilin sentyabr ayının 12-də Qənirə xanımın Milli Məclisdəki kabinetində oldu… Qənirə xanım yubileyimlə bağlı məni təbrik etmək üçün Milli Məclisə dəvət etmişdi. Dəvəti eşidəndə, düşündüm ki, axı, hələ doğum günüm qabaqdadır… Sentyabrın 28-də Qənirə xanımın vəfat xəbərini eşidən tanışlarım mənə dedilər ki, sanki Qənirə xanım ölümünü hiss etmişdi. Əvvəlcədən səni çağırıb təbrik etdi.

Qənirə xanımın Milli Məclisdəki kabinetində mənimlə yanaşı digər yubilyarlar, dostlarımız, dəyərli ziyalılarımız (Şahin Musaoğlu, Natəvən Dəmirçioğlu, Azər Həsrət və başqaları) da var idi. Qənirə xanım yenə də həmişəki kimi hamıya diqqət göstərirdi. Hamıya təşəkkürnamələr və hədiyyələr təqdim etdi. Sonra bizi qapıya kimi yola saldı. Qoluma girmişdi. Sonda Minarənin sərgisindən danışdı. Dedi ki, dekabrda Dünya Azərbaycanlılarının Həmrəylik Günündə sərgini təşkil edək.

Hardan biləydim ki, bu sonuncu görüşümüz olacaq. Ölüm onu aparmağa bu qədər tələsəcək. Həmin günü çəkilən şəkillərdə gülümsəyir… Lakin ayrılarkən gözlərindəki kədəri gördüm… Bu kədər mənə tanış idi. Onu anamın gözlərində görmüşdüm… Azacıq üşənmişdim, amma qorxunu yaxın buraxmamışdım… Axı Qənirə xanım çox güclü idi…

Evdə qızım şəkillərə baxarkən mənə: “Ana, Qənirə xala çox arıqlayıb” dedi. Qızım çox sevdiyi Qənirə xalası üçün narahat olmuşdu. Uşaq qəlbi sanki gələn təhlükəni hiss etmişdi…

…Qənirə xanımın komaya düşməsi xəbəri hamımızı sarsıtdı. Əvvəlcə inanmaq istəmədik. Dostlar gerçək olduğunu söylədilər. Əlimizdən dua etməkdən başqa heç nə gəlmirdi. Uca Yaradana Qənirə xanımın tezliklə sağalması üçün dualar edirdik. Həkimlər vəziyyətin kritik olduğunu söyləsələr də, biz möcüzə gözləyirdik Vətən qadından…

Türk dünyasından ortaq dostlarımız zəng vururdular, mesalar yazırdılar… Gecənin yarısına kimi bu zənglər, mesajlar davam edirdi. Hamı çox narahat idi. Özbəkistandan Xasiyət Rüstəm, Çuvaşıstandan Marina Karyagina, Kərkükdən Şəmsəddin Kuzəçi və Türk dünyasından olan digər dostlar məndən şad xəbər gözləyirdilər…

O gözlədiyimiz möcüzə olmadı. Onun ölüm xəbərini eşitdiyim zaman quruyub qaldım. Yadıma illər əvvəl yazdığım aşağıdakı misralar düşdü:

İnsanam, adımla uca, böyükəm,

Yoxdur bir möcüzə baxıb döyükəm,

Dünyanın çiynində mən də bir yükəm.

Bir gün yorulanda atacaq məni.

Ölümün əllləri tutacaq məni…

…Və 28 sentyabr… Fiziki ayrılıq günü… Türk dünyasının dörd bir yanından Qənirə xanıma vida etməyə gəlmişdilər. Axı, o, Türk dünyasının ASENASI idi… Hər tərəf gül-çiçək və göz yaşına qərq olmuşdu. Onunla şəxsi tanışlığı olmayanlar da bu itkiyə ürəkdən yanırdılar… Bizim üçün isə daha ağır idi…

Sentyabrın 28-də ağlaya-ağlaya aşağıdakı şeiri yazdım. Şeiri bitirdikdən sonra qonaq otağına keçdim. Qızım ağlaya-ağlaya sevimli xalasının – Qənirə xanımın portretini çəkirdi…

VƏTƏN QADINA ELEGİYA

…gecikməkdən qorxduğun üçün,

tələsmişdin

doğum günümü qutlamağa.

Bu görüşün sonuncu olacağını

hardan biləydik…

Sən

mənim dünyaya gəlişimə

sevinmişdin.

Mənsə sənin

dünyadan gedişinə

üzülürəm, Vətən qadın.

Ölümün soyuqluğu

yaman yandırdı bizi…

Sən həyatda

ən çox

ana torpağı sevirdin.

“Onu qoruyun”, deyirdin.

Biz bu gün

Səni

ana torpağa tapşırdıq.

Canından çox sevdiyin torpaq

Səni qorusun deyə…

Biz Səni

qoruya bilmədik…

Ana torpaq şadlığından

ağac qollarını götürüb oynadı.

Torpağın altı bayram edəndə

üstündə bir ana ağlayırdı…

Biz isə

qurumuş ağaclar kimiydik…

Bəlkə də ilk dəfə

rahat yatacaqsan.

Nə Vətən dərdi,

nə torpaq dərdi

qovmayacaq gözündən yuxunu.

Ömür boyu daşıdığı

tale yükündən yorulan qadın.

Təpədən dırnağa

sevgidən yoğrulan qadın –

Vətən qadın.

Ana torpaq,

bir lay-lay de!

Qoynunda rahat uyusun

Vətən qadın…

Teqlər: