14 mart 838-ci il, sübh namazından iki saat sonra.
Samirə şəhəri.
Xəlifə sarayı.
Minlərlə insan sarayı əhatəyə alıb.
Qiymətli xalçalarla bəzədilmiş sarayın içərisinə doğru yeddi min ağ qul və yeddi yüz saray məmuru düzülüb. Sarayın qarşısındakı həyətdə qızıl zəncirlərə zəncirlənmiş aslanların nəriltisi ətrafa yığışanları bir addım geri çəkilməyə vadar edir. Xəlifənin qiymətli silahlara sahib şəxsi mühafizəsi sarayın bütün dəhlizləri boyu durublar. Hamının gözü sarayın qapısına zillənib.
Xürrəmi İmperatoru Babək mirvari və qiymətli daşlarla bəzədilmiş şah paltarında nəhəng boz filin üzərində, qardaşı Abdullah isə Baktriya dəvəsinin üzərində əlləri qandalı halda saraya daxil olurlar. Onlar müstəsna nadir və dəyərli möhtəşəm xalçalarla bəzədilmiş taxt otağına gedirlər. Taxtın üstündə Xəlifə Mötəsim oturub və soyuq, lakin həyəcanlı baxışlarla qarşısında duran, 21 il ərzində Xilafətlə mübarizə aparan bir sərkərdəyə baxır. Dəfələrlə onu öz tərəfinə çəkmək üçün təkliflər etməsinə baxmayaraq, qarşısında duran uca boylu, çal saçlı və qorxmaz baxışlı adamda bir anlıq da olsun tərəddüd və qorxu hissi görmür.
Mötəsim hüzuruna gələn adamların gözünü qırpmasını və rənginin qaçmasını o qədər görmüşdü ki, Babəkin bu hərəkəti onda bir balaca qarşısındakına hörmət hissinin yaranmasına səbəb olur. Yanında oturmuş Afşinə üzünü çevrib, “O, cəld və güclüdür, müharibə və ləşkər hazırlandırılmasında misli yoxdur” deyir.
Sonra üzünü Babəkə tutur:
– Öldürürdün, ölmək asandırmı?!
O, cavab verdi:
– Azadlıq uğrunda ölmək nə qədər də asandır!
Sonra Babəki “edam dərisi” üzərinə aparırlar. Xəlifə əli ilə Nüdnüd adlı keçmiş Xürrəmi əsgərini göstərib, yenə Babəkə müraciət edir:
– Bu günə qədər sənin yanında olan şəxsin sənin cəlladın olacağına inanırdın? İndi necədir şah olmaq?
– Bir gün şah olmaq 40 il kölə olmaqdan yaxşıdır… Sağ qalmağım və ya ölməyim önəmli deyil; əsas odur ki, harada mən varamsa, ya xatırlanıramsa, orada şaham!
Fars qaynaqlarında bu dialoq barədə yazılır: “Babək be zəban-e bastan-e Azərbaycan soxən miqofte əst“ – BayBək Azərbaycan dilində danışırdı.
Nizam əl-Mülk Babəkin qətli haqqında belə deyir: “O, Mötəsimin suallarına daha cavab vermədi”.
Mötəsim onun əllərinin və ayaqlarının kəsilməsini əmr etdi.
Cəllad Nüdnüd Babəkin bir əlini kəsəndə, o biri əlini qana batırıb, üzünə sürtdü və üz-gözünü qızartdı.
Mötəsim onu söydü və dedi:
– Nə üçün belə etdin?
Cavab verdi:
– Üzümü ona görə qana buladım ki, bədənimdən qan axıb gedən zaman üzümün rəngi solacaq, adamlar mənə baxanda elə biləcəklər ki, ölümün qorxusundan rəngim qaçıb.
Ona əzab vermək məqsədilə Mötəsim cəllada əmr edir ki, qılıncı onun iki aşağı qabırğasının arasından ürəyinə soxsun.
Bu işi etdikdən sonra Mötəsimin əmri üzrə onun dilini kəsdilər, bədənini dara çəkdilər, başını Bağdada aparıb körpü üstündə bir ağaca taxdılar. Sonra həmin başı Xorasanın bütün şəhər və qəsəbələrində dolandırdılar. Səbəbi isə bu idi ki, o, böyük bir nüfuza malik idi.
Onun cəsədini dirəyə mıxlayaraq, Samirənin kənarında hamıya göstərirlər. Hətta şəhər dağılandan sonra da uzun müddət bu yerə “Babəkin çarmıxı” deyirdilər.