Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması qaydaları hansı hallarda həyata keçirilə bilər?
AzerTimes xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, bu qayda barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda və təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə mümkündür: “Məsələn, vergi orqanının qərarına uyğun olaraq, idxal zamanı malların dəyəri bazar qiymətlərinə əsasən müəyyən edilə bilər. Bu zaman ödənilən və büdcədən əvəzləşdirilən ƏDV məbləği də məhz həmin dəyərdən hesablanacaq. Sonrakı mərhələdə, yəni respublika ərazisində satış zamanı hesablanmalı olan vergi məbləği də həmin gömrük dəyərindən aşağı olmayan dəyərdən hesablanır. Bu zaman gömrük orqanı qanunvericilikdə nəzərdə tutulmuş metodla, vergi orqanı isə mütəxəssis, ekspert dəvət etməklə vergiləri bazar qiymətlərini tətbiq etməklə hesablamaq hüququna malikdir”.
Ekspert qeyd edib ki, təsisçisi eyni olan hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri olmaqla, vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında icra olunduqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.