Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının suallarını cavablandıran R.Quliyev bildirib ki, tikinti və söküntü işləri ilə bağlı sərəncam Bakı şəhər icra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən hazırlanıb: “Tikinti və söküntü işlərinin aparılması üçün hansı dövlət qurumlarından icazə alınmasından xəbərsiz idim. Mənə sənədlər hazır şəkildə gəlirdi. Buna görə də etibar edib imzalayırdım. Çünki həmin sənədləri hazırlayanlar peşakar mütəxəssislər idilər”.
Rasim Quliyevin bildirib ki, 2017-ci ildə ona müavin səlahiyyətlərini icra etmək üçün həvalə olunan sənəddə qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı sərəncama nəzarəti özündə saxlayıb: “Mən 7 ay ərzində həmin vəzifəni müvəqqəti icra etmişəm. Bu 7 ay ərzində Hacıbala Abutalıbov mənim barəmdə Prezident Administrasiyasına təqdimat verə bilərdi. Bunu rəsmiləşdirmək olardı. Sual olunur ki, bu niyə olunmayıb. Burada iki səbəb ola bilər. Dediyim odur ki, bu işi bacırmırdımsa, niyə müavin təyin olunmuşam? Yox, əgər bacarırdımsa, niyə haqqımda təqdimat verilməyib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 9 noyabr 2015-ci ildə Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Mədəniyyət Nazirliyinin Mədəni İrsin qorunması inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəisi Zakir Sultanova məktub göndərib: “Məktubda göstərilib ki, Dilarə Əliyeva küçəsindəki 145 saylı bina sökülüb. Bu səbəbdən 141 saylı ünvanda da yerləşən tarixi binanın bir hissəsi uçub. 145 saylı bina sökülən zaman 141 saylı binanın materialları da köhnə materiallar olduğu üçün orada da uçqun olub”.
Rasim Quliyev deyib ki, 141 və 145 saylı binaların tarixi mədəniyyət abidələri olduğunu göstərən fərqləndirici nişanı olmayıb. Onun sözlərinə görə, həmin ərazidə işlərin aparılması üçün bir neçə dəfə sərəncam verilib, daha sonra isə həmin sərəncamlar ləğv edilib.
Proses sentyabrın 13-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.
Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.
Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.