İsmayıl Haniyə İranın qonağı idi və bu, İranın nüfuzuna böyük zərbə olmaqla yenicə and içən islahatçı prezidentə müxtəlif dairələrin bir xəbərdarlığı da hesab oluna bilər.
AzerTimes xəbər verir ki, bunu ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev deyib.
“Başqa ehtimallar üzərində də düşünməyə dəyər. HƏMAS-ın hərbi qanadının Haniyə ilə münasibətlərində ciddi problemlərin olduğu da qeyd edilirdi. Yaxın Şərqdə müharibənin alovlanmasını, Türkiyənin və İranın da münaqişəyə cəlb olunmasını istəyən qüvvələr də bunu edə bilər. Terrorçular tutulandan sonra biz əsl həqiqəti biləcəyik”, – partiya sədri bildirib.
Q.Həsənquliyevin sözlərinə görə, Türkiyə rəhbərliyi bu münaqişəyə getməyəcək:
“Ərdoğanın “gələrik” açıqlaması əminəm ki, münaqişənin daha da genişlənməsinin, İsrailin Livana qarşı yeni müharibəyə başlamasının qarşısını almağa yönəlib. İsrail nüvə silahına sahib dövlətdir. Onun arxasında ABŞ kimi dünyanın super gücü dayanıb. Türkiyəni çoxdan Rusiya, Misir, Yunanıstan, indi isə İsraillə iri münaqişəyə cəlb etmək istəyirlər. Türkiyə müharibələrə cəlb olunmaqdan yayınmalı, iqtisadiyyatını və hərbi sənayesini inkişaf etdirməli, nüvə silahına sahib olmaq istiqamətində konkret addımlar atmalıdır. İsraillə Fələstin arasında münaqişənin tənzimlənməsində əsas rolu 250 milyonluq ərəb dövlətləri oynamalıdır. Osmanlı imperatorluğunun tarixi hələ uzun müddət ərəb dünyasında Türkiyəyə etimadsız münasibətin olacağını göstərir. Mahmud Abbasın Türkiyə parlamentində çıxış etməkdən yayınması bunun əyani sübutudur. Türkiyə çox da iddialı xarici siyasət yürütməməli, özünü və təbii müttəfiqlərini düşünməlidir. Əlbəttə, bu kənar müşahidəçi kimi mənim düşüncəmdir, doğrusunu isə Türkiyə rəhbərliyi bilir”.
Üçüncü Dünya müharibəsi ilə bağlı sualı cavablandıran partiya sədri qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra nəsillər dəyişib və müharibənin dəhşətləri yaddan çıxıb:
“Müharibələr beynəlxalq münasibətlərin aydınlaşdırılmasında əsas vasitəyə çevrilməkdədir. Artıq nüvə silahı da əvvəlki kimi çəkindirici faktor olmaqdan çıxır. İnsanlar, dünya liderləri psixoloji baxımdan artıq buna da hazır görünürlər. Əslində Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə, bu, hələlik proksi dövlətlər və qruplaşmalar vasitəsilə aparılır”.