Haniyə Türkiyənin parçalanmasını istəyib? – 12 illik gerçək

Haniyə Türkiyənin parçalanmasını istəyib? – 12 illik gerçək

HƏMAS-ın Siyasi Bürosunun qətlə yetirilmiş rəhbəri İsmayıl Haniyənin 12 il öncə Türkiyədə səfərdə olarkən dediyi sözlər yenidən gündəmə gəlib. Haniyənin illər əvvəl “Diyarbəkiri müstəqil görmək istəyirik” dediyi iddia edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

AzerTimes xəbər verir ki, HƏMAS bu fikirlərin səsləndirilməsini təkzib etsə də, mövzu ciddi şəkildə müzakirə edilir.

Haniyə 2012-ci ildə Türkiyədə səfərdə olarkən Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşla görüşdə nələrdən danışıb? Həqiqətən, Diyarbəkirlə bağlı həmin sözləri deyibmi?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltanın sözlərinə görə, bu məsələyə ötən ilin oktyabr ayında Türkiyə Prezident Administrasiyasının verdiyi açıqlama ilə aydınlıq gətirilib:

“Həmin açıqlamada bildirildi ki, İ.Haniyə Səlahəddin Dəmirtaşla görüşdə elə bir ifadə işlətməyib. Səfər zamanı HƏMAS rəsmisi Türkiyənin digər partiya nümayəndələri, həmçinin Cümhuriyyət Xalq Partiyasının (CHP) rəsmiləri ilə də görüşüb.

Ümumiyyətlə, bu, Türkiyədə adətdir. Ankarada hörmət görən dövlət başçıları, həmçinin təşkilat sədrləri parlamentdə təmsil olunan partiya liderləri və nümayəndələri ilə görüşür. Çünki Türkiyədə Fələstin məsələsi tez-tez müzakirə edilir. İ.Haniyə də buna görə müxalifət liderləri ilə görüş keçirib”.

S.Soltan Haniyənin adından belə açıqlamaların məqsədli şəkildə gündəmə gətirildiyini bildirib:

“Yəni həmin səfər zamanı CHP və Milliyyətçi Hərəkat Partiyası (MHP) liderləri ilə görüşən Haniyənin, daha sonra HDP liderinə “Diyarbəkiri müstəqil görmək istəyirik” deməsi gülünc olardı. Hesab edirəm ki, bu tipli məsələlərin indi ortaya çıxması Türkiyənin Fələstin məsələsinə olan diqqətini yayındırmaq üçündür. Xüsusilə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fəaliyyətinə kölgə salmağa hesablanıb. “Ankara HƏMAS-ı dəstəkləyir¸amma onun rəsmi nümayəndəsi Türkiyənin maraqlarına uyğun gəlməyən açıqlama verib” imici yaradılır”.

Teqlər: