Haniyə sui-qəsdi İranın acizliyini üzə çıxardı – Yücel Karauz

Haniyə sui-qəsdi İranın acizliyini üzə çıxardı – Yücel Karauz

Haniyəyə qarşı sui-qəsd olunacağı ehtimalı hər zaman var idi və gözlənilən idi. Müharibə başlayandan bəri İsrail də dəfələrlə HƏMAS-ı hədələyib, hətta dünyanın harasında olursa-olsun onları hədəf alacaqları barədə açıqlama verilib. Rəsmi Təl-Əviv son addımla heç kimin təhlükəsizlikdə olmadığını və liderlərə sui-qəsd edə biləcəyini isbat etdi. Tehranın hücum yeri olaraq seçilməsi, üstəlik sui-qəsdin Pezeşkianın andiçmə mərasimindən sonra baş verməsi heç də təsadüf deyil.

Bu sözləri AzerTimes-a HƏMAS-ın lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi ilə bağlı danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general-leytenant Yücel Karauz deyib.

General hücumun Tehranda təşkil edilməsinin İran dövlətinin zəifliyininin təzahürü olduğunu bildirib:

Baş verən hücum İranın zəifliyini, ölkəyə andiçmə mərasiminə gələn, hər an sui-qəsdə uğrama ehtimalı olan bir şəxsi qoruya bilmədiyini üzə çıxardı. Üstəlik Haniyə İranın hər zaman dəstəklədiyini söylədiyi HƏMAS-ın siyasi lideridir. Yəni Haniyə İrana güvənib Tehrana getdi, amma onlar üzərlərinə düşən vəzifəni yerinə yetirib onu qoruya bilmədilər. İndi rəsmi Tehranın verəcəyi cavabın nə olacağı çox önəmlidir. Ancaq Livana son hücum, Qəzzada baş verən hadisələr nəzərə alındığında son sui-qəsdin doğuracağı gərginliyin bütün Yaxın Şərqə yayılma riskinin artdığını deyə bilərik. Hücumun İranda baş verməsinə baxmayaraq, rəsmi Tehranın İsrailə birbaşa cavab verəcəyini düşünmürəm. Yenə Yaxın Şərqdəki proksiləri vasitəsilə hansısa addımlar atacaqlar. Bölgədə yanğın böyüyür. Bu yanğının Livandan sonra Suriyaya keçmə ehtimalı çoxdur. Dövlət rəsmilərimiz də ən yüksək səviyyədə bunu dəfələrlə ifadə ediblər”.

Karauz Haniyə sui-qəsdini Üçüncü Dünya müharibəsinə aparan növbəti addım kimi qiymətləndirib:

“Hücumun Netanyahunun ABŞ səfərindən sonra baş verməsi xüsusi məqamdır. Vaşinqtonun xəbəri olmadan bu səviyyədə hücumun təşkil edilməsi mümkün deyil. ABŞ-ı xəbərdar edərək, yaxud etmədən bu hücumu təşkil etmə ehtimalının hər ikisi ayrı-ayrılıqda böyük problemdir. Nəticə etibarilə isə baş verən hücum Üçüncü Dünya müharibəsinə aparan mərhələlərdən biridir”.

Teqlər: