Hücum edilən otağın bayıra baxan divarlarının, eləcə də tavanının partlayış nəticəsində uçmasını göz önünə aldıqda zərbənin xaricdən olduğunu, otağın raket və ya mərmi ilə hədəf alındığını deyə bilərik. Təbii ki, bütün bunlar texniki hesabatlarda müəyyənləşəcək.
AzerTimes xəbər verir ki, bu sözləri HƏMAS-ın İrandakı nümayəndəsi Xalid Qəddumi Anadolu Agentliyinə açıqlamasında deyib.
O bildirib ki, İran tərəfi bu vaxta kimi Haniyənin necə öldüyünə dair rəsmi açıqlama verməyib:
“Texniki heyət həqiqətləri üzə çıxarmaq üçün gərgin şəkildə çalışır. Haniyənin qanı hələ qurumayıb. Dəfnindən olduqca qısa müddət keçib. Ona görə də bu mövzuda elmi hesabatın çıxması çox erkəndir. Biz İrandakı qardaşlarımızı gözləyirik, görək nə deyəcək?”
O, hadisədən öncə yaşananları xatırlayıb:
“Yeni Prezident Məsud Pezeşkianın andiçmə mərasimindən döndük. Haniyə və İran parlamentindən mərasimə qatılanlar axşam yeməyinə dəvətli idi. Haniyə daha sonra Tehrana hər səfəri zamanı tez-tez baş çəkdiyi iqamətgahına getdi. Həmin məkanda baş nazirlər, xarici işlər nazirləri kimi yüksək səviyyəli rəsmilər qarşılanıb. Haniyə 4-cü mərtəbədə qalırdı. O mərtəbədə başqaları da var idi. Yəni bu, sadəcə Haniyəni hədəf alan hadisə deyildi”.
HƏMAS nümayəndəsi NYT-in otağa əvvəlcədən bomba yerləşdirildiyi ilə bağlı iddialarına da münasibət bildirib:
“Nyu York Tayms” müxbiri görəsən o bombanı özü yerləşdirib? Ya əllərində hədəf alınan məkanla bağlı rəsmi, şəkilli hesabatlar var? Bu məntiqsiz açıqlamanın heç bir elmi əsası yoxdur. Haniyə keçmiş İran prezidenti İbrahim Rəisi öldüyü zaman da eyni yerdə qonaq edilib. Sui-qəsd niyə onda deyil, indi həyata keçirildi? ABŞ-dan yaşıl işıq indi gəldiyi üçün, ya həmin vaxt onu öldürməməyə diqqət etdikləri üçün?”