Hamiləlik testi necə edilməlidir? – Ginekoloq

Hamiləlik testi necə edilməlidir? – Ginekoloq

Ana olmaq istəyən hər bir qadın hamilə olub-olmadığını anlamaq üçün həvəslə müxtəlif üsullarla bunu yoxlayır, test edir. Bu üsullardan ən rahatı hamiləlik testi etməkdir. Mütəxəssislər bildirir ki, hamiləlik testi edərkən bəzən zəif xətt çıxması ilə bağlı müraciət edirlər, bəzənsə də bu testlə yanlış pozitiv və ya yanlış neqativ nəticə alınır.

AzerTimes həkim mama-ginekoloq Xanım Adıgözəlovanın bu barədə xanımlara tövsiyələrini təqdim edir:

Hamiləlik testində zəif xətt

Hamiləlik testində zəif xəttin olmasına təsir edən bir neçə amil var. Bunlardan biri hamiləliyin daha erkən vaxtlarda olmasıdır. Belə ki, mayalanmanın çox erkən vaxtlarında edilən hamiləlik testində hamiləlik hormonu (hCG) səviyyəsinin kifayət qədər yüksək olmaması səbəbilə testdə ikinci xətt solğun ola bilər.

Başqa səbəblər də var ki, o halda da hamiləlik testində ikinci xətt zəif görünə bilər. Bunlara testin təlimatlara uyğun şəkildə edilməməsi, testin istifadə müddətinin bitməsi, test üçün götürülən idrara əlavə maye dəyməsini qeyd etmək olar.

Hamiləlik testində zəif bir xətt görsəniz, bir neçə gün sonra eyni testi təkrarlaya və nəticələrin aydın olmasını gözləyə bilərsiniz.

Hamiləlik testinin yanlış pozitiv və yanlış neqativ cavab

Hamiləlik testi düzgün şəkildə aparılarsa, etibarlı nəticə verir. Ancaq bəzi hallarda hamiləlik testləri yanlış müsbət və ya yanlış mənfi nəticələr verə bilər.

Yanlış müsbət nəticə bir neçə səbəbdən ola bilər:

Dərmanların təsiri. Bəzi dərmanlar var ki, onlar hormonal balansın pozulmasına səbəb olaraq hamiləlik testlərində yanlış müsbət nəticələr verə bilər.

Kimyəvi hamiləlik. Bəzən döllənmə baş versə də, embrion uşaqlığa implantasiya olmur və bu zaman hamiləlik hormonunun ifrazı aşağı səviyyədə olsa da, testdə müsbət nəticə göstərəcək qədər olur.

Funksional kistlər. Yumurtalıqlarda əmələ gələn funksional kistlər hCG hormonunun ifrazına səbəb ola bilər ki, bu da yanlış nəticələrə səbəb ola bilir.

Postmenopoz. Menopozdan sonra bəzi qadınlarda hCG hormonunun səviyyəsi arta bilər və bu da yanlış müsbət nəticələrə səbəb olur.

Hamiləlik testinin yanlış mənfi nəticələr verməsinin də özünəməxsus səbəbləri var. Testin erkən vaxtlarda edilməsi, testin düzgün şəkildə edilməməsi və vaxtının keçməsi kimi faktorlar yanlış mənfi nəticəyə səbəb olur.

Hamiləlik testində önəmli məqamlar

Hamiləlik testinin nəticəsini gözləyərkən nəzərə alınmalı bəzi vacib məqamlar var. Bəzən hamiləlik gözləyən qadınlar testi tələsik edir, düzgün zamanda və qaydalara uyğun davranmır.

Öncəliklə hamiləlik testi edərkən vaxt düzgün seçilməlidir. Yəni hamiləlik testi menstruasiya gecikməsindən sonra edilməlidir. Ən dəqiq nəticə aybaşı gecikməsindən sonra edilən testlərlə əldə edilir.

Daha sonra testin təlimatlarına əməl etmək lazımdır. Odur ki, testi etməmişdən öncə mütləq şəkildə üzərini oxuyun və orada yazılanlara addım-addım əməl edin.

Digər önəmli məqam isə testin səhər ilk sidiklə edilməsidir. Çünki günün ilk idrarında hamiləlik hormonu (hCG) səviyyəsi daha sıx olur və buna görə də səhər tezdən edilən testlər daha etibarlı nəticələr verir.

Hamiləlik testi ilə yanaşı paralel olaraq hamiləlik əlamətlərini izləmək də önəmlidir. Hamiləlik testinin nəticəsi müsbət olmasa belə, hamiləlik əlamətlərini yaşayırsınızsa və ya şübhələnirsinizsə, dəqiq diaqnoz üçün ginekoloqa müraciət etməkdə fayda vardır.

Yekun olaraq unutmayın ki, dəqiq nəticələr üçün etibarlı hamiləlik testlərindən istifadə etməli və test təlimatlarına diqqətlə əməl etməlisiniz. Hər hansısa qeyri-müəyyənlik yaşayırsınızsa və ya nəticələrdən əmin deyilsinizsə, həkimə müraciət etmək vacibdir.

Teqlər: