Bu gün suveren Azərbaycan Respublikası dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən, onların milli-mənəvi varlığını yaşadan yeganə dövlətdir. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.
AzerTimes xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanladı. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və indi bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq doğma Azərbaycanın inkişafına, Vətənimizin dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc bilir.”
Deputat qeyd edib ki, bu gün dünya azərbaycanlılarının yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynamaları ümumxalq mənəvi-ideoloji birliyin bir təzahürüdür: “Hazlrda bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində effektiv tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər. Ümummilli lider H.Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji, siyasi köməyi böyük rol oynayır. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycanı öz Vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin əsası kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi də məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.
Həmrəylik gününün qeyd edilməsi bu gün bütün dünya azərbaycanlıları üçün bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Diqqətəlayiq haldır ki, Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. Milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdur”.
Kamaləddin Qafarov Ulu Öndərin əsasını qoymuş olduğu milli həmrəyliyimizin bu gün Prezident İlham Əliyevin effektiv siyasəti ilə uğurla inkişaf etdiyini vurğulayaraq deyib:
“Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş cənab Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində müasir dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Bu ilin aprel ayının 22-də qədim Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V qurultayı isə Zəfər qurultayı kimi Milli birlik və həmrəyliyimizin ən böyük təntənəsi oldu.”
Deputat sonda deyib:
“Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman öz Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsi zamanı dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə böyük fəallıq göstərdilər, daha sıx birləşdilər”.