Bu gün Almaniyanın Hamburq şəhərində G-20 liderlərinin sammiti başlayır. Artıq dünyanın aparıcı dövlətlərinin liderləri sammitə qatılmaq üçün Almaniyaya toplaşıblar. Sammit 7-8 iyul tarixlərində davam edəcək.
Sammitdə əsas müzakirə mövzuları da artıq bəllidir – terrorizmlə mübarizə, iqlim məsələləri, qlobal iqtisadi, ticari artım tempi, rəqəmsal iqtisadiyyat, Şimali Koreyanın nüvə raketi proqramı, miqrasiya və s.
Zirvə ərəfəsində Hamburqda təhlükəsizlik tədbirləri ən yüksək həddə gətirilib.
Sammitin ən çox gözlənilən görüşü isə Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında baş tutmalıdır. Görüş G-20 sammiti çərcivəsində günün ikinci yarısında olacaq.
Sammitdən öncə isə şəhərdə vəziyyət o qədər də sakit deyil. Belə ki, G-20 liderlərinin toplantısına etirazlar hələ bir nüçə gün öncədən başlayıb. Küçələrə çıxan yüzlərlə insan liderlərə öz etirazlarını ən sərt formada bildiriblər.
“Welcome to Hell” (Cəhənnəmə xoş gəlmisiz) şüarı altında minlərlə insan Fischmarkt meydanında toplaşıb. Daha sonra nümayişçilər yürüşə başlayıblar. Hamburq polisi nümayişçilər arasında üzünü bağlayan minə yaxın insan olduğunu əsas gətirərək yürüşü dayandırıb. Polisin çağırışına məhəl qoymayan nümayişçilər onlara şüşə, daş və s maddələr atıblar. Bundan sonra polis də etiraz edənlərə təzyiqli su və gözyaşardıcı qaz ilə müdaxilə edib.
Polislə nümayişçilər arasında toqquşmalar baş verib.