2024-cü il avqustun 12-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.
AzerTimes xəbər verir ki, iclasda qeyd olunub ki, yazılı imtahanda müvəffəqiyyət qazanmış 80 nəfər hakimliyə namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahan keçirilib. Namizədlərə bərabər imkanların yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə Komitə üzvləri tərəfindən müvafiq suallar imtahandan bilavasitə əvvəl və imtahan keçirilən auditoriyada hazırlanıb.
İmtahan zamanı namizədlərə “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydaları”na uyğun olaraq 5 sual verilib və onların hər biri müəyyən edilmiş müddətdə bu sualları cavablandırıb. Şifahi imtahanda namizədlərə hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib.
Diqqətə çatdırılıb ki, “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi“ Qaydalarına edilmiş dəyişikliklərə əsasən imtahanlarda psixoloq iştirak edib. Qaydalara əsasən, imtahana cəlb edilmiş psixoloq namizədin qiymətləndirilməsində iştirak etmir, yalnız onun psixoloji portreti barədə rəy verir. Həmin rəy məlumat xarakterli olmaqla, imtahanın nəticələrinə təsir etmir.
Qeyd olunub ki, imtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 47 nəfər hakimliyə namizəd tədris kursuna cəlb ediləcək. Qaydalara əsasən, imtahanlardan müvəffəqiyyətlə keçmiş və tədris kurslarına göndərilən namizədlərin siyahısı yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.
Tədris kursu çərçivəsində namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, müasir məhkəmə-hüquq islahatları, hakimin etik davranışı, korrupsiyaya qarşı mübarizə, insan hüquqları, beynəlxalq hüquq normaları, habelə məhkəmə təcrübəsində daha çox rast gəlinən mübahisələrə və digər aktual məsələlərə dair mövzular nüfuzlu hakim və ekspertlərin iştirakı ilə tədris olunacaq, habelə onlar müvafiq məhkəmələrdə staj keçəcəklər. Həmçinin, namizədlərin xaricdə qabaqcıl təcrübəni öyrənmələri nəzərdə tutulur.
Tədris kursu sentyabr ayının 2-də başlanılacaq.
Eyni zamanda bildirilib ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və 15 dekabr 2024-cü il tarixdə keçiriləcək test imtahanında iştirak üçün artıq 54 namizəd sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir.