Hakimiyyət və xalq birliyi Azərbaycanın müharibədə qələbəsinin əsas amillərindən biri olub – Konstantin Pominov

Xəbər - Vüqar İmanov – Trend:

Hakimiyyətin və xalqın birliyi Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsinin əsas amillərindən biri olub.

Bunu Trend-ə Rus Pravloslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının mətbuat katibi, protoierey Konstantin Pominov deyib.

O bildirib ki, sentyabrın 27-i Anım günündə Azərbaycanın bütün kilsələrində, Bakı, Gəncə, Sumqayıt, Xaçmazda Vətən müharibəsinin iştirakçıları, öz canlarını erməni işğalının bitirilməsi üçün fəda edənlərin xatirələri yad edilib:

“İkinci Qarabağ müharibəsində qələbə sevincli hadisədir, çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Amma bu, həm də özündə itkilərin ağrı-acısını daşıyır, çünki gənc oğlanlar, əsgər və zabitlər həlak oldu. Onların qəhrəmanlıqları əbəs deyil, bu sayədə Azərbaycan Qarabağı qaytardı. Bu qurbanlar Azərbaycana tarixi torpaqları qaytarmağa imkan verdi və indi ölkəni gözəl inkişaf gözləyir. Əlbəttə, biz onların ruhlarına dua edirik, bizim üçün bu insanların milliyəti və inancı əhəmiyyətli deyil. Çünki İncildə deyilir ki, öz yaxınları uğrunda canını qoymaqdan daha böyük sevgi yoxdur. Bu qəhrəmanlar təkcə öz yaxınları üçün deyil, ölkənin vətəndaşları, öz torpağı və Vətəni üçün canlarını qoydu”.

K.Pominov Azərbaycanda bütün vətəndaşların bir ailə kimi yaşadığı tolerantlıq və multikulturalizm ənənələrini qeyd edib:

“Vətən müharibəsi günlərində hər kəs öz doğma torpaqlarını erməni təcavüzkarlarından qorumağa qalxdı. Xalq birliyi öz bəhrəsini verir. Müstəqillik dövründə Azərbaycanda heç bir millətlərarası və məzhəblərarası münaqişə baş verməyib. Azərbaycan sülh içində yaşayır, ölkədə bütün dinlərin və milləttlərin nümamayəndəlri arasında dostluq və mehriban qonşuluq mühiti hökm sürür, ölkənin bütün icmaları arasında çox yaxşı münasibətlər mövcuddur. Hamımız bir il əvvəl milliyətindən və inancından asılı olmayaraq bütün vətəndaşların öz torpaqlarının təcavüzkarlardan qorumağa qalxdığını xatırlayırıq. Hərbi komissarlıqlarda könüllülərdən ibarət iri növbələr var idi. Azərbaycan ordusunun hərbçiləri son damla qanlarına qədər döyüşərəl doğma torpaqları müdafiə edirdi”.

O xatırladıb ki, birinci Qarabağ müharibəsində öz Vətənləri, Azərbaycan üçün çox sayda rus, pravoslav xristian döyüşürdü. Onların sırasında Azərbaycanın Milli qəhrəmanları olmuş Yuri Kovalyov və İqor Makeyev olub. İkinci Qarabağ müharibəsində Denis Pronin və Dmitri Solntsev həlak olub, digər qəhrəmanlar döyüş medalları ilə təltif edilib:

“Milliyətindən və inancından asılı olmayaraq həlak olmuş bütün döyüşçülər, Vətən uğrunda canını vermiş hər kəs bizim qəlbimizdə əbədi yaşayacaq. Biz hər zaman onların ruhuna dua edəcəyik, onlar indiki gənclik və gələcək nəsillər üçün nümunə olacaq. Şəhidlərin, Vətən müharibəsinin qəhrəmanlarının xatirəsi əbədi yaşayacaq”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: