Hafiz Məmmədov vergi borclarını tam ödəmək üçün 1 həftə vaxt istəyib – Dövlət Vergi Xidməti

Xəbər - Samir Əli – Trend:

Külli miqdarda vergidən yayındığı üçün həbs edilən və hazırda ev dustaqlığına buraxılan iş adamı Hafiz Məmmədov qalan borcunu ödəmək üçün Dövlət Vergi Xidmətindən 1 həftə vaxt istəyib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, iş adamı Məmmədov Hafiz Məcid oğlu barəsində bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış 1.465.200 manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə başlanmış cinayət işi üzrə Yasamal rayon məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Hafiz Məmmədov istintaq prosesində ona qarşı irəli sürülmüş ittihamı qəbul edib, 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun 1 həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib.
Göstərilənləri nəzərə alaraq, Yasamal rayon məhkəməsi 31 yanvar tarixində Hafiz Məmmədovun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətini təmin edib. Xatırladaq ki, ev dustaqlığı və girov həbsə alternativ qətimkan tədbirləridir”, – məlumatda bildirilir.

Teqlər: