Düzünü desəm, Hadruta çatanadək içimdə heç bir xüsusi hiss yox idi. Əvvəla ona görə ki, müharibədən sonra hərbi xidmətimi Laçında başa vurmuş, Qarabağ boşluğumu da ora ilə doldurmuşdum. Dolayısı ilə bu torpaqlar mənə çoxdan tanış idi. Üstəlik, indi bu yollar daha əlçatandır, azaddır. İnsan da belədir. Nəsə və kimsə əlçatan oldumu, az qala, istəməyəsən.
Qarabağa artıq istənilən vaxt gedə bilmək azadlığı da emosiyaları bir qədər azaldır – belə düşünürdüm.
Fəqət, belə deyilmiş. Bunu çatanda bildim, hiss elədim ki, Laçınla doldurduğum Qarabağ boşluğu tam deyil və onu da anladım ki, bu hisslər heç zaman dolası da deyil!
Qarabağın hər bölgəsində azı gərək 30 il yaşayasan ki, bəlkə onda “əvəzi” ödənə. O da çətin.
Jurnalist dostlarla söhbətləşə-söhbətləşə düşünürdüm: “Hamımız eyni işi görməyə gəlmişik. Seçilmək lazımdır, fərqli olmalısan. Mənim belə məsələlərdə tək kriteriyam pafoslu olmamaqdır”.
Amma Hadrutda bir daha anladım ki, vətən söhbətləri pafossuz olmur. Vətən adının özünün emosiyası hər şeyə kifayət edir. Nə desən içdəndir, nə desən sevgidəndir. Vətən haqqında da səssiz, hissiz danışmaq olar?!
Çatdığımız hərbi hissədə bizi ilk olaraq komandonun hərbi qulluqçularının nümayişləri qarşıladı.
“Vətənə xoş gəlmisiniz”- beləcə dedilər.
Əladır, xeyli əzəmətli ifadədir.
Formal prosedur başladı. Əsgərlərin gündəlik fəaliyyətləri ilə tanış olduq. O cümlədən, hərbi hissənin hər qarışı ilə – idman zalından tutmuş yeməkxana, camaşırxana, kazarmalara qədər…
Xatırladım ki, Laçında əsgərlikdə olarkən eyni ilə bu cür jurnalistlər gəlmişdi, biz onlara silahlar, ordunun gündəlik fəaliyyəti kimi məlumatlar vermişdik. İndi də özüm jurnalist kimi gəlmişəm və bu məlumatları mənə verirlər…
Hərbi qulluqçular bizi “İstiqlal” silahından başlayaraq dronlara, döyüş geyimlərinə qədər hər şeylə tanış edir.
Sonra əsgər yeməyi yeyəcək, onlarla söhbətləşəcək, dərdləşəcəkdik.
…Müharibədən sonra dəyişən çox şey var. Məsələn, elə əlamətdar günlərin anlamı kimi. 30 il işğal gününü ağrıyla qeyd edən xalq üçün Silahlı Qüvvələr Günü də bir ayrı hissdir.
Bunu müsahibim, Azərbaycan Ordusunun giziri, qrup komandiri İdrisov Möhlət də təkrarladı:
– Cənab gizir, tam səmimi, 44 gündən əvvəlki Vətənlə indiki Vətən arasında hansı fərq var?
– Mən bəlkə də özümü yaxşı ifadə edə bilmərəm, amma bu fərqi bilməmək, görməmək mümkün deyil. 30 il hər günü buralarda qeyd eləməyi arzulamışıq. İndi bu arzular çin olub, işğal günü yox, torpaqları azad etdiyimiz tarixləri qeyd edirik. Silahlı Qüvvələr Gününün əzəməti bir az da artıb.
Gizir İdrisovla hərbi hissədə gəzişə-gəzişə söhbətimizə davam edirik.
– Bunu şəxsi olaraq soruşuram, yazmayacam. Bu yeməklər hər gün verilir? – Qoz, fındığ, zeytun kimi ədviyyatlara əlimi uzadıram.
– Əlbəttə. Komandonun bir fərqi buradakı xidmətin digərlərinə nisbətən fərqli keçməsidir. Əsgərlərə baxın, hamısı xüsusi seçilmiş idmançılardır, cüssələrindən bilinir. Onlar ilk növbədə yaxşı qidalanmalıdır.
Sözünü bal ilə kəsib deyirəm:
“Ordu mədəsinin üstündə gəzir” – Napaleonun fikridir.
Gülürük
– Hə, elədir. Yaxşı qidalanma mütləqdir.
– Bir az özünüzdən də danışın.
– Əslən Kürdəmir rayonundanam. 2017-ci ildən etibarən Orduda xidmət edirəm. Bu hərbi hissədə qrup komandiriyəm.
– 44 günlük müharibədə də iştirak etmisiniz. Necə xatırlayırsınız?
– Böyük fəxarətlə. Müharibədən əvvəl də Beyləqan rayonunun Qəhrəmanlı kəndində xidmət aparırdım. Ordumuz döyüş arzulayırdı. Mən də. Müharibədən sonra isə komandoya gəlmişəm.
– Haralarda vuruşmuşdunuz?
– 27 sentyabrda Füzuli istiqamətində döyüşlərə qatıldım. Daha sonra Cəbrayıl, Hadrut, Qubadlı istiqamətində irəlilədik. Hər birinin medalları ilə cənab Prezident tərəfindən təltif olunmuşam.
– Yaralanmısınız?
– Bəli, güllə yarası almışdım, veteranam.
– Doğulduğunuz yerdən, doğmalardan kənarda xidmət aparmaq darıxdırıcı deyil?
– Belə deyim, mən xidmətə gələndə bunu gözə almışdım. Bilirdim ki, qarşıda belə məhrumiyyətlər ola bilər, oldu da. Amma hazırda belə deyil, ailəliyəm və ailəmlə dövlətin hərbçilərə verdiyi bu evdə yaşayıram (barmağıyla hərbi hissənin daxilindəki binanı göstərir). Əlbəttə, bütün hallarda insanıq, insan həmişə doğmaları üçün darıxır, elə lap onların yanında olanda da. Bütün hallarda isə heç nə bizə Vətən sevgisindən üstün deyil. Bunu boş yerə demirəm, Azərbaycan Ordusunda xidmət etdiyim üçün fəxr edirəm. Niyə də etməyim? Dərdimiz Qarabağ idi, cənab Prezident əmr verdi, həll etdik, indi hər şey daha yaxşıdır. Azərbaycan Ordusunda son illərdəki dəyişiklik də göz önündədir. Ən xırda detaldan ən böyük məsələlərə qədər.
– Onda Silahlı Qüvvələr Gününüz mübarək, cənab gizir!
– Çox sağ olun, sizin də, cəmi Ordumuzun və xalqımızın bu gözəl günü mübarək olsun!
***
Nəhayət, Hadrutdan ayrılırıq – o dağlara, o dərələrə, Bakıda görməyəcəyimiz fərqli buludlara, qəfil yağan çiskin yağışa, avtobusun arxasınca baxan, əl sallayan o məğrur əsgərlərə baxa-baxa…
Bakıya çatanda reportajın əvvəlində yazdığım “xüsusi hissi” artıq hiss edirəm:
Onun adı qürurdur…