Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır.
AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Prezidentin Xocavənd rayonu üzrə səlahiyyətli nümayəndəsi Əli Zeynalov deyib.
Ə.Zeynalovun sözlərinə görə, Hadrut qəsəbəsində inzibati mərkəzin ümumi sahəsi 4,2 hektar təşkil edir. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının binaları daxildir.
Həmçinin 360 yerlik tam orta məktəbin bərpa edilərək istifadəyə verilməsi nəzərdə tutulub.
Səlahiyyətli nümayəndə qeyd edib ki, Hadrutla yanaşı, Tuğ kəndində də inzibati zona tikilir.
“İnzibati zonanın ümumilikdə ərazisi 1,63 hektar təşkil edir. Buraya inzibati bina, klub icma mərkəzi, mədəniyyət mərkəzi, restoran binası və s. sosial obyektlər daxildir. Həmçinin sahəsi 1 700 kvadratmetr olan yerüstü parkinq nəzərdə tutulub. Birinci mərhələdə bərpa edilən tarixi fərdi yaşayış evlərinin sayı 24, yeni tikiləcək fərdi yaşayış evlərinin sayı 95, növbəti mərhələdə tikiləcək fərdi yaşayış evlərinin sayı 244 ədəd olacaq. Daha sonra ərazidə 360 şagirdlik tam orta məktəb, 50 yerlik məktəbəqədər təhsil müəssisəsi, ticarət obyektləri, məscid, kilsə və s. sosial obyektlərin tikintisi nəzərdə tutulub”.
Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi Qarabağ iqtisadi rayonuna daxil olan Xocavənd rayonu ərazisində də tikinti-quruculuq və bərpa işləri geniş vüsət alıb.