Hacıyeva müsadirə etdirir, Hüseynzadə ilə Abdullayev qapdırır…

Hacıyeva müsadirə etdirir, Hüseynzadə ilə Abdullayev qapdırır…

Ötən gün məlum oldu ki, Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın adına olan Britaniyadakı mülklər müsadirə edilib.

Müsadirə edilən Naytsbricdəki malikanənin və Askotdakı qolf klubunun ümumi məbləği 18,5 milyon funt-sterlinq, yəni 40 milyon manatdır. Müsadirənin səbəbi də göstərilir: “Dəbdəbəli mülklər Hacıyev tərəfindən Azərbaycanda dövlət bankının talanması ilə bağlı külli miqdarda dələduzluq və oğurluq, hesabatların saxtalaşdırılması və çirkli pulların yuyulması nəticəsində birbaşa əldə edilib”.

Hacıyevin bu dövlətdən və xalqdan taladığı və arvadının adına rəsmiləşdirib, ölkədən qaçırtdığı sərvət ingilisə qismət oldu – nə Cahangir özü yeyə bildi, nə də xanımı.

Britaniya açıq şəkildə Azərbaycan dövlətindən çalındığını bildirdiyi vəsaitləri qaytarmaq haqqında heç düşünmür də! Dövləti çap-tala, sonra da apar öz əllərinlə ver ingilisə – Zamirə Hacıyeva da müsadirəyə etiraz belə etmir və yaxud edə bilmir.

Əlbəttə, alın təri və zəhmətlə qazansaydı, o qədər sərvətin müsadirə edilməsinə görə baş vurmadığı məhkəmə qalmazdı. Xanım özü də gözəl bilir ki, o pullar necə qazanılıb. Zatən olmasın 40 milyon manat – çapılıb-talanan və ingilisin görmədiyi və yaxud göz yumduğu vəsaitlər olmamış olmaz, krallar kimi yaşamağına davam edəcək Zamirə xanım…

Dünən həm də o məlum oldu ki, Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə və xanımı bahalı “Rolex” saatını qapdırıblar: skuter sürürlərmiş, başlarına tapança ilə vurub, əllərindən alıblar. Saatın qiyməti isə 90 min avrodur.

Yüksək səviyyəli diplomatın bahalı saat taxmasında bir qəbahət olmamalıdır. Ancaq xanımı ilə bərabər “Rolex”lənib, skuterdə gəzməyin mənasını dünəndən anlaya bilmirəm. Görəsən, istirahətə çıxanda nəinki “Rolex” taxan, hətta şalvar belə geyməyən, şortikdə gəzən avropalıların içində bahalı saatla skuterə minib, diqqət cəlb etməyin nə mənası varmış?

Həm də bilə-bilə ki, avropalılar özlərinin istehsal edib, yüzminlərə azərbaycanlılara geydirdikləri saatlara yaman tamah salırlar. Xatırlayırsınızsa, 5 il öncə, 2019-cu ilin 19 iyununda o vaxt SOCAR rəhbəri olan Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayev “Richard Mille 50-03 McLaren F1” saatını oğurlatmışdı. Saatın dəyəri isə 1,2 milyon avro olaraq qiymətləndirilirdi. Həmin vaxt 25 yaşında olan Rəşad Abdullayevin 1,2 milyon avroluq saatla Londonda niyə gəzdiyi və hansı şəraitdə saatını oğurlatdığı müəmma olaraq qaldı. Heç polisin o saatı tapıb-tapmadığı da bəlli olmadı. Bəlli olan yalnız qapdırmaqdır…

Diplomatımız özünə və xanımına aldığı “Rolex”in puluna gözəl bir lobbi fəaliyyəti qura bilərdi – biz xüsusilə İkinci Qarabağ savaşından sonra Avropadan necə ədalətsizliklər görürük və onu da yaxşı bilirik ki, bunların böyük əksəri heç də siyasi iddialarla bağlı deyil, erməni lobbiçiliyinin nəticəsidir. Dünən oğurlandığı üzə çıxan “Rolex”in əqrəbi hansısa avropalının bu ölkənin maraqlarının müdafiəçisinin istiqamətləndiricisi ola bilərdi.

Elə Rəşad Abdullayevin 1,2 milyonluq saatı da bura aiddir. Bu dövlət heç bir haqqın çatmadığı halda sənin Avropada kef-damaq içində yaşamağına imkan tanıyırsa, sən nə edirsən bu millət, xalq, dövlət üçün? O 1,2 milyon avroluq – yəni 2 milyon manatlıq saat Azərbaycanda neçə qazinin intiharının qarşısını alardı, necə ailəni xoşbəxt edərdi, xaricdə neçə deputatı Bakının sözçüsünə çevirərdi?

Teqlər: