Hacıqabulda narkotiklərə qarşı əməliyyat keçirilib: 5 nəfər saxlanılıb (FOTO)

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan beş nəfər
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə
narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli
bilinən Şəmkir rayon sakinləri Yusif Əmiraslanov və Tehran Musayev
Hacıqabul rayonu ərazisində saxlanılıblar. Həmin şəxslərin üzərinə
keçirilən baxış zamanı 50 qramdan artıq narkotik maddə olan heroin
aşkar edilib. Dindirilmə zamanı hər iki şəxs narkotik maddəni Bakı
şəhərində Rəşad adlı şəxsdən 400 manata aldıqlarını
bildiriblər.

Əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhər sakini Rəşad
Tanrıverdiyev şəhər ərazisində saxlanılıb və istintaqa cəlb edilib.
Saxlanılan zaman isə ondan altı büküm heroin və iki büküm
metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxs izahatında
Y.Əmiraslanova və T.Musayevə narkotik maddə satdığını etiraf
edib.


Hacıqabul RPŞ-in və Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən sonuncunun narkotik vasitələrin əldə etdiyi
mənbəyin müəyyən edilməsi istiqamətində davam etdirilən tədbirlər
nəticəsində isə onu bu maddələrlə təmin edən Bakı şəhər sakinləri
Ceyhun Zeynalov və Fazil Mirələmov saxlanılıblar. Həmin şəxslər
ümumi çəkisi 110 qramdan artıq olan metamfetamin, heroin və
marixuana, 42 ədəd preqabalin həbləri, eləcə də satış zamanı
narkotik vasitələrin pulunun ödənilməsi üçün bir ədəd plastik kart
aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib,
araşdırmalar davam etdirilir.

Teqlər: