“Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində 26-28 sentyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hacıqabul rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
AzerTimes xəbər verir ki, təlimdə FHN Muğan Regional Mərkəzinin rəisi polkovnik Mehman Axundov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin və aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.
Əvvəlcə, kompleks mülki müdafiə təlimi ilə əlaqədar Hacıqabul Rayon İcra Hakimiyyətinin inzibati binasında müşavirə keçirilib. Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin rəisi polkovnik Mehman Axundov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiə işinin təşkili və bu sahədə tədbirlərin icra vəziyyətindən danışıb, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin vacibliyindən bəhs edib. M. Axundov qeyd edib ki, rayon ərazisində olan qüvvələrin fövqəladə hallara hazırlıq səviyyəsinin daha da yüksəldilməsi, əhalinin maarifləndirilməsi və digər mülki müdafiə tədbirləri daim diqqət mərkəzində olmalıdır.
Müşavirədə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, mülki müdafiə idarəetmə orqanları əməkdaşlarının, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin olunması, ehtimal edilən fövqəladə hadisələrlə əlaqədar mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi olub.
Təlim zamanı fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, Fövqəladə Hallar Komissiyasının və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının həyata keçirilməsi, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili tədbirləri yerinə yetirilib.
Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Kompleks təlimə Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Hacıqabul rayon Polis şöbəsinin, rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 270 nəfər şəxsi heyəti və 45 ədəd texnikası cəlb edilib.