Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış
zalında keçirilən kişilər və qadınlar arasında ağırlıqqaldırma üzrə
Azərbaycan çempionatı davam edir.
Trend xəbər verir ki, kişilər arasında körpücük üzərinə ilk
olaraq çəkisi 55 kiloqram çəki dərəcəsində olan idmançılar
çıxıblar. Toplam 179 kiloqram (82+97) çəkinin öhdəsindən gələn
Hacıağa Məmmədov qızıl medala layiq görülüb. Dəniz Cabbarlı (167
kq, 80+97) gümüş, Ramiz Kərimov (165 kq, 80+85) isə bürünc medala
sahib olublar.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika
Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün
bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər,
rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi,
idmançıların ustalıq səviyyəsinin artırılması və
təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə
normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və
qadınlardan ibarət milli yığma komandaların heyətinin
müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara
hazırlanmasıdır.