Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vuranlara hökm oxunub

Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda
təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədliyə hökm
oxunub.

Trend xəbər verir ki, Səbail Rayon Məhkəməsində, hakim Azər
Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Vüqar Tağızadə 1 il 5 ay
28 gün, Allahverdi Məmmədli isə 11 ay 28 gün müddətinə azadlıqdan
məhrum edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında sosial şəbəkələrdə
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu
ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən
görüntülər yayılmışdı. Qısa müddətdə heykəlin qoparılan elementi
(təsbeh) heykəltəraşın iştirakı ilə bərpa edilib.

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə
şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü V.Tağızadə, 1996-cı
il təvəllüdlü A.Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Onlar barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və
246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya
korlama) maddələri ilə cinayət işi başlanılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslər barəsində
həbs qətimkan tədbiri seçilib.

Teqlər: