Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk
Mədəniyyət Dərnəyinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə
əlaqədar anım mərasimi keçirilib.
Komitədən AzerTimes-a verilən
məlumata görə, öncə tədbir iştirakçıları Haaqa şəhərində Xocalı
qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Xocalı
soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad
edən tədbir iştirakçıları abidənin önünə çiçək və əklillər
düzüblər. Sonra Haaqa şəhər məscidinin imamı Şeyx Mehmet Olqun
şəhidlərin ruhuna dualar oxuyub.
Abidənin yaxınlığındakı toplantı zalında davam etdirilən
tədbirdə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinın sədri
İlhan Aşqın, ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli
səfiri Fikrət Axundov və Azərbaycandan gələn qonaqlar Xocalı
soyqırımının törədildiyi dövrü yada salıblar, gələcəkdə belə
qətilamların təkrarlanmaması üçün bütün dünya xalqlarının birgə
mübarizə aparmasının vacibliyini qeyd ediblər. Bir gecədə 613 mülki
azərbaycanlının amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımının
müəlliflərinin indiyədək cəzasız qalmasına etiraz bildirilib.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə
dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar
150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.