Niderlandın Haaqa şəhərində 28 May – Müstəqillik Gününə həsr
olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki,
Azərbaycanın Niderland Krallığındakı səfirliyində təşkil edilən
tədbirdə diplomatik korpusun, beynəlxalq təşkilatların, yerli
ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun fəal üzvləri
iştirak ediblər.
Azərbaycan və Niderlandın Dövlət himnlərinin səsləndirilməsi ilə
başlayan tədbirdə ölkəmizin Niderland Krallığındakı fövqəladə və
səlahiyyətli səfiri Fikrət Axundov çıxış edib. 104 il öncə
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti barədə
ətraflı məlumat verən diplomat ötən əsrin 90-cı illərində
müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın üzləşdiyi erməni
təcavüzündən danışıb. Bildirib ki, 2020-ci ilin payızında Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə nail olub. Hazırda
Azərbaycan hökumətinin Qarabağ və Şərqi Zəngəzurda apardığı
tikinti-quruculuq işləri, ölkəmizin Avropa İttifaqının enerji
təminatçısı olduğu, irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi
etdiyi diqqətə çatdırılıb.
Bu il Azərbaycanla Niderland arasında diplomatik əlaqələr
qurulmasının 30 ilinin tamamlandığını xatırladan səfir
dövlətlərarası münasibətlərin inkişafından da bəhs edib.
Tədbir Niderlandda fəaliyyət göstərən Azərbaycan rəqs qrupunun
çıxışı ilə davam edib.