“Güzəştli mənzil” sisteminin sınaq versiyasından 2502 dəfə istifadə edilib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) regionda ilk layihəsi – Sumqayıt şəhərində inşa olunmuş güzəştli mənzillərin satışı ilə əlaqədar olaraq 17.07.2021-ci il tarixində istifadəyə verilmiş “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasından bu günədək 1803 istifadəçi tərəfindən 2502 dəfə istifadə edilib.

MİDA-dan AzerTimes-a verilən məlumata görə, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasından istifadə edə bilərlər.

Bu xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.

Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 16 avqust 2021-ci il tarixi saat 00:00-dək aktiv olacaq.


Qeyd edək ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək və ya Bakı şəhərində yerləşən 1 saylı “ASAN Kommunal”, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt və Gəncə şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Güzəştli mənzil” pəncərələrinə yaxınlaşaraq xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.

Teqlər: