Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin
növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində
442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi
yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən
informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram
təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə
müdaxilə halları müşahidə edilmiş, Agentliyin şəffaf fəaliyyətinin
təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX)
müraciət edilmişdir.
Trend DTX-nın saytına istinadən xəbər verir ki, Dövlət
Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla
bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və
273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter
sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə)
maddələri ilə cinayət işi başlanılmışdır.
Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları
Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov
Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan
Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub
ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin
“Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı
məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara
müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini
təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları
hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il
tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və
kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə
etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və
bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını
məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane
olmaqla əhəmiyyətli zərər vurmuşlar.
Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci
maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli
bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb
edilmişlər. Cinayət işi üzrə araşdırmalar davam edir.
Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən
qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər
yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı
prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə
halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən
yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi
təmin ediləcəkdir.
Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat
veriləcəkdir.