UEFA Millətlər Liqasının qrup mərhələsində III tura start verilib.
AzerTimes xəbər verir ki, ilk oyun günündə A, B, C və D Liqalarında ümumilikdə 9 matç baş tutub.
A Liqasının 2-ci qrupunda Portuqaliya evdə Çexiyanı 2:0, İspaniya isə səfərdə İsveçrəni 1:0 hesabı ilə yenib. Bununla da Portuqaliya 7 xalla liderliyini davam etdirib. Xalını 5-ə çatdıran İspaniya isə 2-ci pillləyə yüksəlib. Əvəzində 4 xalı olan Çexiya 3-cü pilləyə enibsə, ardıcıl 3-cü məğlubiyyətlə üzləşən xalsız İsveçrə son pillədə qalıb.
B Liqasının 4-cü qrupunda Sloveniya Norveçlə qolsuz heç-heçə edib. Serbiya isə səfərdə İsveçi minimal hesabla məğlubiyyətə uğradıb. İlk iki qarşılaşmada maksimum nəticə göstərən Norveç ilk dəfə xal itkisi ilə üzləşsə də, 7 xalla liderliyini qoruyub. Xalını 6-ya çatdıran Serbiya 2-ci pilləyə yüksəlib. 3 xalı olan İsveç 3-cü pillədə qalıbsa, ilk xalını qazanan Sloveniya sonuncudur.
C Liqasının 2-ci qrupunda hər iki oyun məhsuldar alınıb. Kosovo Şimali İrlandiyanı 3:2, Yunanıstan Kipri 3:0 hesabı ilə udub. Nəticədə Yunanıstan 9 xalla liderliyini qoruyub. Kosovo 6 xalla 2-cidirsə, hərəyə 1 xala malik Şimali İrlandiya və Kipr 3-4-cü yerləri bölüşdürür.
4-cü qrupda gözlənilməz nəticələr qeydə alınıb. Gürcüstanın səfərdə Şimali Makedoniyanı 3:0 hesabı ilə darmadağın edibsə, Cəbəllütariq evdə Bolqarıstanla heç-heçəyə nail olub. Bununla da xalını 9-a çatdıran Gürcüstan vahid lider kimi ən yaxın izləyicisindən 5 xal aralanıb. Bolqarıstan 2 xalla 3-cü, ilk xalını qazanan Cəbəllütariq 4-cüdür.
Nəhayət, D Liqasında 2-ci qrupun yeganə matçında Malta Estoniyaya uduzub – 1:2. Beləliklə, xalını 6-ya çatdıran Estoniya liderliyə yüksəlib. Malta 3 xalla 2-ci, xalsız San Marino isə 3-cüdür.