Gürcüstanda SOYDAŞ Forumu keçiriləcək

Gürcüstanda SOYDAŞ Forumu keçiriləcək

Gürcüstanın Marneuli şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Soydaş” Gürcüstan – 2023 adlı Forum və sərgi keçiriləcək.

AzerTimes xəbər verir ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçiriləcək tədbir zamanı soydaşlarımız, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gələcək.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Forumun mahiyyətindən danışıb. O bildirib ki, Forumun Gürcüstan-Azərbaycan arasında mövcud əlaqələrə, regional istiqrara, sülh və rifaha dəstək baxımından töhfə verəcəyinə inanır.

T.Allahverdilinin sözlərinə görə, Forumda Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, Gürcüstan parlamentində təmsil olunan deputatlar, rəsmi şəxslər və digər qonaqların iştirakı ilə bu ölkədə yaşayan soydaşlarımızla müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Təşkilat sədri vurğulayıb ki, Forumun əsas məqsədi Gürcüstanda yaşayan və fəaliyyət göstərən QHT və gənclər təşkilatlarının rəhbərlərini, media nümayəndələrini, eləcə də 100-dən çox qonağı bir araya gətirməkdir.

Onun sözlərinə görə, həmçinin, məqsəd Ulu Öndərin Gürcüstan və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinə verdiyi misilsiz töhfələr, dövlətlər arasında mövcud olan əlaqələrin dəyərləndirilməsi, gənclərin və media əlaqələrinin inkişaf mərhələsinə təsirləri və gələcək perspektivləri danışmaq üçün olduqca uyğun bir ortam yaratmaqdır.

Qeyd edək ki, Forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə 9 sentyabr saat 13:00-da Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində keçiriləcək.

Teqlər: