Gürcüstan Azərbaycan üçün önəmli qonşu dövlətdir və tarixən iki xalq arasında hər zaman dostluq münasibətləri mövcud olub.
AzerTimes xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Elvin Əzizbəyov deyib.
O bildirib ki, müstəqillik əldə etdikdən sonra hər iki dövlət təxminən eyni çağırışlarla üz-üzə qalıblar:
“Ərazi bütövlüyünün pozulması və sair kimi çağırışlarla qarşılaşan Azərbaycan və Gürcüstan bütün bunlara baxmayaraq dövlətçiliklərini inkişaf etdirməyi bacardılar. Məlumdur ki, hazırda Gürcüstan uğrunda regional və qlobal güclər arasında mübarizə şiddətlənməkdədir. Bu mübarizədə, ələlxüsus, Qərbin müəyyən mərkəzləri rəsmi Tiflisə qarşı təzyiqlərini gücləndirməkdədirlər. Buna səbəb Gürcüstan hakimiyyətinin suveren qərarlar verməsi, onların deyil, məhz öz milli maraqlarından çıxış etməsidir. Misal üçün, Gürcüstanın xalq tərəfindən seçilən legitim parlamentarilərinin qəbul etdiyi son qanunlar okeanın o tayında və Avropada birmənalı qarşılanmır və məlum qanunların ləğvi rəsmi Tiflisdən tələb olunur. Dövlətlərin daxili işlərinə bu cür kobud şəkildə müdaxilələr Qərb təcrübəsində ilk və son deyil”.
Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda öz dayaqlarını və təsir vasitələrini gücləndirmək üçün bütün vasitələrə əl atmaqdadır.
E.Əzizbəyov qeyd edib ki, Qərb “bulanıq suda balıq tutmaq asandır” prinsipi ilə Ermənistan və Azərbaycan arasındakı münasibətləri daha da gərginləşdirir, Ermənistanı silahlandırır, Gürcüstanda isə sabitliyi pozaraq ictimai-siyasi vəziyyəti gərginləşdirir.
“Bununla da Şərqi Avropa və Yaxın Şərq ilə bərabər Qara dəniz – Xəzər bölgəsində parçala və hökmranlıq et prinsipini işə salır, qlobal rəqiblərinə qonşuluqda yerləşən coğrafiyalarda xaos yaradılır. Mən əminəm ki, gürcü xalqı bu proseslərin də öhdəsindən gələrək dövlətlərinin suveren və müstəqil inkişaf yoluna səs verəcəklər. Sabit Gürcüstan Cənubi Qafqazın gələcəyi baxımından olduqca vacibdir”, – E.Əzizbəyov vurğulayıb.