Gürcüstan MSK bələdiyyə seçkilərinin ikinci turunu baş tutmuş elan edib

Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci tuturu baş tutmuş sayılır.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Qeorqi Kalandaraşvili deyib.

G.Kalandaraşvili bildirib: “Seçkilərin ikinci turu baş tutub. Seçki prosesində iştirak edən bütün partiyalara, müşahidəçi təşkilatlara, mediaya və seçki gününü fəal şəkildə izləyən seçki subyektlərinə təşəkkürümü bildirirəm”.

Onun sözlərinə görə, bəzi yanlışlıqlara baxmayaraq, seçki prosesi kifayət qədər rəqabətli keçib: “Yalnız bir neçə seçki məntəqəsində ayrı-ayrı hallarda səsvermə prosesi bütün səsvermə prosesinə təsir etməyən konkret insidentlər səbəbindən qısa müddətə yubanıb”.


MSK-nın sədri qeyd edib ki, seçki günü dairə seçki komissiyalarına ümumilikdə 272 şikayət, onlardan 121 şikayət müşahidəçi təşkilatlardan, 151 şikayət isə seçki subyektlərindən daxil olub: “Onların əksəriyyəti prosedur pozuntuları ilə bağlıdır”

Qeyd edək ki, oktyabrın 30-u Gürcüstanda bələdiyyə seçkilərinin ikinci turu baş tutub. Vətəndaşlar 20 bələdiyyənin, o cümlədən Tbilisi, Batumi, Kutaisi, Poti və Rustavi kimi böyük şəhərlərin merlərini, həmçinin 24 majoritar dairədə yerli məclislərin (sakrebulo) deputatlarını seçiblər.

İlkin nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası 20 şəhərdən 19-da qalib gəlib.