Gürcü telejurnalist: Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib (FOTO)

Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində gördüklərim məni dəhşətə gətirdi. Burada müharibənin izlərindən başqa heç nə yoxdur.

Trend xəbər verir ki, bu barədə gürcü telejurnalist, “Tv Pirveli” telekanalının müxbiri Miranda Baqaturiyanın Ağdamdan hazırladığı reportajda məlumat verilib.

Telejurnalist bildirib ki, 1990-cı illərə qədər Ağdamda əsasən azərbaycanlılar yaşayıb. Lakin elə həmin illərdə Azərbaycanın Qarabağ bölgəsi işğal olunduqdan sonra Ağdam rayonunda da heç kim qalmayıb. Yurd-yuvalarından didərgin düşmüş insanlar Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. İndi onlar bu torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Ağdama hərbiçilərin və yeri polis əməkdaşlarının nəzarəti altında getdiklərini söyləyən telejurnalist deyib ki, erməni işğalından azad olunmuş ərazilərdə işğalçılar minlərlə mina basdırıblar. Ona görə də həmin ərazilərdə sərbəst gəzmək və istədiyin yerə getmək çox təhlükəlidir. Burada ümumiyyətlə dağıdılmış evlərdən başqa heç nə yoxdur. Yalnız ermənilərin hərbi məqsədlər üçün istifadə etdikləri yeraltı sığınacaq və istehkamlar var. İşğalçılar dini, tarixi, mədəni abidləri də dağıdıblar. Ermənilər Ağdamdakı Ağdaban məscidini silah-sursat anbarına çeviriblər. Məscidin yaxınlığındakı mədəniyyət mərkəzindən isə tövlə kimi istifadə olunub.

M.Baqaturiya bütün əzab-əziyyətlərə sinə gərərək evini tərk etməyən, cəbhənin lap yaxınlığında yaşayan, hər gün atəş və bomba səsləri altında ölümlə üz-üzə gələn yerli sakindən – 75 yaşlı Nuri nənədən müsahibə də alıb. Nuri nənənin müharibənin ağrı-acısı, erməni vəhşilikləri barədə söylədikləri də gürcü ictimaiyyətinin diqqətinə çatdırılıb.

Reportajda işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edən gürcü politoloq, tarixçi alim Guram Marxuliyanın müsahibəsi də yer alıb.

G.Marxuliya erməni vəhşiliyindən söz açıb, işğalçıların törətdikləri insanlığa sığmayan cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb.

Gürcü jurnalist Qubadlı rayonunda gördüklərini də tamaşaçılara təqdim edərək deyib: “Sonra biz Qubadlıya getdik. Orada 2010-cu illərdə Suriyadan gəlmiş erməni qaçqınlar üçün tikilmiş kənddən keçdim. İkinci Qarabağ müharibəsindən sonra – 2020-ci ilin noyabrında erməni əhali bu kəndi və ümumilikdə Qubadlını tərk edib. Buradakı evlərin çoxu yandırılıb, yararsız hala salınıb. Təbiət məhv edilib. Gördüklərim məni dəhşətə gətirdi”.

Teqlər: