Gürcüstan hökuməti parlamentdə qəbul edilmiş “Xarici agentlər haqqında” qanun layihəsini geri götürməklə öz zəifliyini göstərib.
AzerTimes xəbər verir ki, bunu gürcü politoloq Qulbaat Rtsxiladze deyib.
“Əvvəlcə Gürcüstana lazım olmayan bu qanunu üzərimizə qoydular, sonra geri götürüldü və bununla da “sönməkdə olan” müxalifət bu qalmaqalla yenidən gücləndi”, – ekspert bildirib.
“Xarici agentlər haqqında” qanunun ləğvinə baxmayaraq, müxalifət qüvvələrinin niyə etirazları dayandırmamaq qərarına gəldiyindən danışan Rtsxiladze qeyd edib ki, “özlərini at belində hiss edən” bu insanlar başqa məsələlərdə də hakimiyyətə öz fikirlərini yeritməyə çalışacaqlar:
“Müxalifət öz gücünü hiss etdi və başqa məsələlərdə də öz fikirlərini təlqinə davam etmək istəyir”.
Qeyd edək ki, kütləvi etirazlar fonunda hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası xarici agentlərlə bağlı qalmaqallı qanun layihəsini ölkə parlamentindən geri götürmək qərarına gəlib. Buna baxmayaraq, aksiyaçılar hökumətin istefası tələbi ilə mitinqlərə davam ediblər.
Bu gün gürcü parlametinin iclası gözlənilir.