Gürcüstandakı siyasi gərginlik və cəmiyyətin parlament seçkilərindən sonra iki qütbə parçalanmasının başlıca səbəbi kimi bölgədəki Qərb-Rusiya çəkişməsi göstərilir. Əslində isə gürcü ictimai rəyinə heç də az təsir etməyən daha bir amil var – Tiflisdən ayrı düşən Abxaziya və Cənubi Osetiya. Bu faktor Gürcüstanın daxili siyasi həyatına nüfuz edən ən güclü indikator rolunu qoruyub saxlamaqdadır. “Rusiya ilə dostluq edək, yoxsa Qərb yolunu tutaq” dilemmasının qidalandığı əsas ziddiyət mənbəyi də məhz bu problemdir.
2003-cü ildə sabiq prezident Mixail Saakaşvilinin hakimiyyətə gəlişi ilə start götürən sərt qərbyönümlü siyasət Gürcüstana bir çox ilkləri qazandırsa da, torpaqların itirilməsinə baiskar olan da məhz bu radikal kursdur. Əlini Saakaşvilidən üzüb indiki hakimiyyətə səs verən gürcü xalqı 2008-ci ilin avqust müharibəsi və onun fəsadlarından lazımi nəticələri çıxarmışdı. O vaxt Moskva ilə münasibətləri tədricən bərpa etmək yeni hakimiyyət üçün sosial sifarişin icrası idi, çünki söhbət tək itirilmiş torpaqlardan getmir, ortada Gürcüstanın iqtisadi mövcudluğu da var. Müqayisə üçün, Ukraynada müharibə başlayandan sonra Rusiyaya qarşı hər hansı sanksiyalara qoşulmayan Gürcüstan iki il ərzində ÜDM-ni 18 faiz yüksəltməyə nail olub, inflyasiya 3 dəfə azalıb, ölkəyə 4 milyard dollarlıq investisiya cəlb edilib. Rusiya Gürcüstanın istehsal etdiyi məhsullar üçün ən böyük, münbit və tanış bazardır. Ancaq görünür ki, orta statistik gürcünün gözündə Tiflis-Moskva münasibətlərinin bərpasının özəl düstürü olmalıdır. Sıravi gürcü Rusiya ilə münasibətlərə hələ də Abxaziya və Cənubi Osetiya prizmasından baxmağa davam edir.
Hazırda Çin Gürcüstanın ən iri ticarət tərəfdaşıdır. Tiflis regionda Pekinlə strateji münasibətlərə nail olmuş ilk dövlətdir. Bu, Qərbin qısqanclığı fonunda gürcüləri nə narahat edir, nə də qıcıqlandırır. Çünki Çin sıravi gürcünün yaddaşında hansısa neqativ xatirələrlə assosiasiya olunmur. Ancaq Çindən fərqli olaraq, Rusiya ilə əlaqələrin yumşalmasına dair istənilən anons gürcü cəmiyyətində bir partlayış və təlaş mənbəyidir. Hamı dərhal ötən əsrin sonlarını və 2008-ci ilin avqust müharibəsini xatırlayır…
Gürcüstanın son 3 ildə Ukrayna ilə münasibətlərinin müxtəlif səbəblərdən korlanması gürcü cəmiyyətində bir qıcıq yaratsa da, hakimiyyətə qarşı kütləvi narazılıq üçün yetərli olmadı. Ancaq indi hökumətin seçkilərdəki qələbəsinin ictimai rəy tərəfindən sanki həzm olunmağa başlanması fonunda Avropa Birliyi ilə inteqrasiya danışıqlarının dayandırılması bütövlükdə cəmiyyətin mənfi köklənməsi üçün başlıca katalizator rolunda çıxış etdi. Gürcülərin Saakişvilidən üz döndərmələri onların “Qərb gəlib, bütün problemləri həll edəcək” tezisində yanılmalarının nəticəsi idi. Ancaq bu reallığı Rusiya ilə münasibətlərlə geosiyasi tərəziyə qoyanda, gürcü ictimai rəyi üçün Qərb yolu hələ də cəlbedici görünür. Bu baxımdan, ikitərəfli münasibətlərin spesifikliyi ondan ibarətdir ki, qonşuluq əlaqələrinin normal məcraya yönəlməsi üçün tərəflərin güzəşt addımları qarşılıqlı olmalıdır.
II Qarabağ savaşı və Azərbaycanın qələbəsi gürcülərdə itirilmiş torpaqların geri qaytarılması üçün güclü impuls, ümid rolunu oynadı. Gürcüstan ictimai rəyi gördü ki, onillər keçməsinə baxmayaraq, vətən torpağını geri qaytarmaq mümkündür. Gürcü Arzusu iqtidarı açıq elan etməsə də, göstərmək istəyir ki, torpaqların geri qayıtması Qərbin vədlərini kənara qoyub Moskva ilə umu-küsünü aradan qaldırmaqdan keçir. Gürcü cəmiyyəti isə buna inanmaq istəmir. Hakim qüvvənin patriarxı Bidzina İvanişvili “osetinlərdən törədilənlərə görə üzr istəməyi bacarmalıyıq” deməsi əks qütbdə ictimai hiddətə, Rusiya tərəfinin gürcülərin Qərblə dirənişindən heyranlıq ifadə etməsi isə istehzaya səbəb olur.
Gürcülər spesifik xalqdır. Onlar Rusiya ilə münasibətlərə yalnız Abxaziya və Cənubi Osetiya eynəyindən baxmaq istəyirlər – istər yeni nəsil, istər yaşlı. Bu gün Gürcüstana ən çox gələn turistlər məhz ruslardır və onların yerli iqtisadiyyatda kapital mənbəyi kimi ciddi çəkiləri var. Xüsusilə son iki ildə Gürcüstan iqtisadiyyatının böyüməsinin əsas səbəbi ruslardır. Ancaq alış-veriş mərkəzlərində hətta sıravi satıcının, yaxud kafe-restoranlarda ofisiantın belə bilərkdən rus dilində danışmaması, xidmət göstərməkdən boyun qaçırması bugünkü Gürcüstan-Rusiya münasibətlərinin reallığıdır.
Geosiyasi gözləntilər, təhlükəsizlik amilləri və iqtisadi dividentlər bir yana, əlaqələrin normallaşması önündə tarixə əsaslanan dərin mənəvi uçurum durur. Cəmiyyətdəki Qərb tərəfdarları Rusiyanın qonşuluqda böyük və güclü dövlət olması amilini nəzərə almalı olduqları kimi, hakimiyyət də bu mənəvi nüansı görməzdən gələ bilməz. Tərəzinin gözünün hər hansı tərəfə yüngülcə əyilməsi siyasətdə və iqtisadiyyatda itkilərə, cəmiyyətdə isə depressiyaya səbəb olur. Gürcülər daima “qızıl orta” axtarışında olmalıdırlar…