Güney Azərbaycanın Xoy şəhərindən olan və hazırda Türkiyədə yaşayan yazıçı, şair və jurnalist Məsud Harayın AzerTimes-a müsahibəsi:
– İranda aksiyaların 3 aydan çoxdur davam etməsinin səbəbi nədir?
– İlk növbədə insan haqları problemləri, qeyri-fars millətlərin hüquqlarının tapdanmasını vurğulamaq lazımdır. 100 il əvvəl farslar bu coğrafiyada hakimiyyəti ələ keçirdikdən sonra türk düşmənliyinə başlayıblar. Türklərin keçmişdən gələn dövlətçilik ənənə və məfkurəsinə qarşı çıxıb, şiə-şüubiyyə maskası altında onların strukturunu dəyişməyə yönəlmiş siyasət yürüdüblər. Türklərlə yanaşı ölkədəki digər xalqlar da bu ayrı-seçkilik və zülmə məruz qalıb. İqtisadi məsələlər də bu nümayişlərin baş tutmasında əhəmiyyətli rol oynayır. İranın mərkəzi əyalətlərində yerləşən fars əyalətləri ölkənin müxtəlif bölgələrindən əldə edilən sərvətlərdən daha çox pay alırlar.
Aksiyaları gündəmdə tutan məqam isə qadın haqlarının təmin olunması tələbi ilə başlamasıdır. Təbii ki, İran qanunlarında qadınların kişilərlə müqayisədə hüquqları daha azdır. Bu, onların həyatının bütün mərhələlərində özünü qabarıq şəkildə göstərir. İran hakimiyyəti şəriət qanunlarına, özlərinin uydurduqları qanunlara əsaslanaraq ölkədə qadınların ən təməl hüquqlarını belə tanımaq istəmir.
Bunlarla, yanaşı su qıtlığı, çevrə kirliliyi, bölgələrdə ekoloji fəlakətlərin səviyyəsinin artması da narazılıqlara səbəb olan amillərdəndir.
Hakimiyyət heç bir xüsusi ixtisası olmayan şəxsləri, SEPAH komandirlərini yalnız İran-İraq müharibəsində iştirak etdikləri üçün məsul vəzifələrə təyin edib. Bütün sahələrdə yaranan problemlər də birbaşa bu faktla əlaqədardır.
– Davam edən etiraz aksiyalarında Güney azərbaycanlıların yeri və rolu hansı səviyyədədir?
– Mənim fikrimcə, aksiyalarda Güney azərbaycanlıların rolu və əhəmiyyəti qabarıq şəkildə özünü göstərir. Azərbaycanlılar tarix boyu İran coğrafiyasında dövlətlər qurmuş, hökmdarlıq ənənəsinə sahibdirlər. Farslar isə 100 ilin içində bu ənənəni, kimliyi və gücü yox etməyə çalışıblar. Buna görə də bütün inqilabların və dəyişikliklərin Təbrizdən başladığı barədə deyilən sözlər yersiz deyil, həqiqətdir.
Xüsusilə indi Güney Azərbaycan ətrafında Azərbaycan və Türkiyə kimi dövlətlərin olması ona əlavə güc qazandırır.
Həmçinin ərəblər, bəluclar və qaşqay türkləri də hazırda fars faşizminə qarşı mübarizədə Güney Azərbaycan hərəkatını örnək seçir, onun yanında dayanır.
Buna görə də mərkəzi hakimiyyət Güney Azərbaycan hərəkatının təsirini azaltmaq, onu öz bölgəsində məhdudlaşdırmaq üçün bu ərazilərdə başqa etniklərdən olan terror qruplarının yaranması və güclənməsinə dəstək verir. Bu, hakimiyyətin Güney Azərbaycan potensialı və gücündən qorxduğunu göstərir.
– Bəs, bu ölkədə dil və ədəbiyyatımıza olan marağı hazırda necə dəyərləndirərdiniz?
– İranda Azərbaycan türkcəsi və ədəbiyyatı çox sıxıntılarla üz-üzədir. Ölkədə “İrşadi İslami” adlanan senzura idarəsi Azərbaycan türkcəsində olan bütün əsərləri və nəşr olunacaq kitabları ələkdən keçirir, yayımlanıb-yayımlanmayacağına qərar verir. Bu səbəbdən bir çox yazıçı və şairlər əsərlərinin çap olunması üçün fikirlərini senzura etməyə məcbur olur, istənilən səviyyədə özlərini ifadə edə bilmirlər. Hətta çap olunan bir çox kitab yayıldıqdan sonra adı çəkilən qurum və təhlükəsizlik idarələri tərəfindən yığışdırılır, yazarlara və satışına dəstək verənlərə təzyiqlər göstərilir.
Ona görə də bəzi güneyli yazıçılar əsərlərini Azərbaycan və Türkiyədə çap etdirməyə çalışırlar. Bütün bu məhdudiyyətlərə baxmayaraq, Güney Azərbaycanda ana dilimizin – Azərbaycan türkcəsi və mədəniyyətinin qorunub saxlanılması, inkişaf etdirilməsi hərəkatımızın əsas prioritetlərindən biridir.
– Milli-mədəni fəalların könüllü fəaliyyətləri Azərbaycan dilinin qorunub saxlanılması və işləklik səviyyəsinə nə dərəcədə təsir edir?
– Əhəmiyyətli dərəcədə… Onların Azərbaycan türkcəsində kitablar nəşr etdirməyə çalışmaları, mədəni tədbirlərin keçirilməsi, xüsusilə uşaq kitablarının yayılmasındakı rolları təqdirəlayiqdir. Könüllülər kəndlərdə kitabxanalar açmaq, müxtəlif səbəblərlə Azərbaycan dilində kitablar, braşürlər və başqa bu kimi nəşrlər yaymaqla dilimizin qorunması, uşaqlar, yeniyetmələr arasında sevilməsinə dəstək verirlər.
Bu hərəkətlər Tehran rejiminin mədəniyyətimizə, kimliyimizə qarşı planlarını boşa çıxarır, yeni nəslin öz milli kimliyi, mədəniyyəti və dilinə bağlılığını gücləndirməkdədir.
– Güney Azərbaycan və İranda Azərbaycan ədəbi prosesinin mövcud vəziyyəti, eləcə də bunun azərbaycanlıların milli oyanışındakı rolundan danışardınız…
– Bildiyiniz kimi, İranda Azərbaycan dilində latın əlifbasında kitab nəşri qadağandır. Ancaq buna baxmayaraq, Azərbaycanımızda nəşr olunan kitablar ya latın əlifbasında, ya da ərəb əlifbasına çevrilərək Güney Azərbaycanda yayılır. Bu, Güney ədəbiyyatına və yazıçılarına olduqca müsbət təsir edir. Həmçinin, Azərbaycan Respublikasının yazıçılarının əsərləri hətta fars dilinə tərcümə olunaraq yayılır, onların İran səviyyəsində də tanıdılmasına çalışılır.
Azərbaycan ədəbiyyatına maraq, ədəbiyyatçıların fəaliyyətləri İranda milli kimliyimizin dirçəldilməsi prosesində misilsiz rola malikdir. Bu, hazırda istədiyimiz səviyyədə olmasa da, günü-gündən yaxşılaşmaqda, inkişaf etməkdədir.
– İranda Azərbaycan türkcəsinin məişət səviyyəsində işləklilik səviyyəsi nə yerdədir?
– Son 20 ilin içində Azərbaycan türkcəsinin işləklilik səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Gündəlik məişət məsələləri və ünsiyyətdə bu dil işləkliyini qoruyub saxlamaqla yanaşı, genişlənməyə də davam edir. Burada da yazar və ədəbiyyatçılarımızın rolu böyükdür.
Son 30 ildə milli məsələmiz, İrandakı azərbaycanlıların zülmə məruz qalmaları, hüquqlarının pozulması kimi problemlərin dünyaya çatdırılmasında ana dilimiz həlli vacib olan mövzuların siyahısında başda gəlib. Xüsusilə Güney Azərbaycan bölgələrində Ana dili hərəkatı bu gün qadın haqları, ekoloji problem, insan hüquqları və başqa bu kimi özünü göstərən aksiyaların təməlini təşkil edib. Ana dilimiz haqsızlığa və ayrı-seçkiliyə qarşı mübarizədə ən güclü silahımızdır.