“Tribun” dərgisi 22 illik fasilədən sonra yenidən nəşr olunur. Cəmi 4 il fəalliyyətdə olan jurnal vaxtı ilə Güney Azərbaycanla bağlı maraqlı mövzulara toxunub. Jurnalla eyni vaxtda www.tribun.one adlı internet saytı da fəallliyət göstərib. 2001-ci ildə dərginin kağız üzərində nəşri dayansa da, öz mövcudluğunu elektron variantda qoruya bilib.
Bu sözləri AzerTimes-a “Tribun” saytının redaktoru, tanınmış güneyli yazar Əlirza Ərdəbilli deyib.
O, jurnalın yaradıcı heyətindən və istiqamətindən də söz açıb:
“Budəfəki nəşrin əsas mövzusu İranda cərəyan edən “Qadın, Yaşam, Azadlıq” mücadiləsinin analizidir. Redaksiya şurasında Məhəmməd Rza Ərdəbilli, Əlirza Ərdəbilli, Əli Qərəcəlu, Hüseyn Ənvər Həqiqi, İsmayıl Cəmili, Jalə Təbrizli, Lalə Cavanşir, Məhsa Medili, Ramin Cabbarlı, Səadat Kərimi, Said Şərifi, Sina Mirzayi, Seyfəldin Hatəmlui, Toğrul Atabəy, Türkan Bozqurd, Ural Hatəmi, Yunis Leysi kimi tanınmış ziyalılarımız təmsil olunur. 574 səhifəlik “Tribun” jurnalında 60-a yaxın əsər toplanıb. Məqalələrin 75 faizi məhz bizim dərgi üçün yazılıb. Yeni sayda Güneydən, Quzeydən və başqa ölkələrdən olan müəlliflərin yazıları dərc olunacaq. Jurnal türklərlə yanaşı, İranda yaşayan qeyri-fars müəllifləri ilə də əməkdaşlıq edir. Köhnə nəşrdə fars dilində olan yazılar daha çox idi, yeni nömrədə onların sayı azaldılıb. 40 faizi öz dilimizdədir. Bu sayda ilk dəfə olaraq Türkiyə türkcəsində tanınmış alim Arif Kəskinin bir əsərinə yer verilib. Dərgi öncə Tükiyədə müəyyən ünvanlara paylanacaq. Jurnalın PDF nümunəsi geniş auditoriya üçün nəzərdə tutulub. Dizayn işlərini Türkiyənin Qobustan Yayın Evi həyata keçirib”.
O, jurnalın saytının İranda azərbaycanlıların səsi olduğunu da diqqətə çatdırıb:
“Bu, Azərbaycan, Güney Azərbaycan mövzusunda fəaliyyət göstərən ilk saytlardan biridir. İlk başda reytinqi yüksək idi. Sayt hazırda İranda azərbaycanlıların, türklərin səsini yaymaqla məşğuldur. Xüsusilə, İranda qadınların, uşaqların hüquqları, insan haqları, demokratiya məsələləri, gender bərabərliyi, Güney Azərbaycanın üzləşdiyi ekoloji fəlakətlə bağlı materiallar dərc olunur”.