Güneyli yazardan Nurullayevə şillə kimi cavab

Güneyli yazardan Nurullayevə şillə kimi cavab

Parisdə İran Xalq Mücahidləri Təşkilatının konfransında azərbaycanlı millət vəkili Razi Nurullayev də iştirak edib, mücahidlərin mövqelərini cani–dildən dəstəkləyib. Nurullayevin İran Xalq Mücahidləri Təşkilatı konfransında iştirakı güneylilər tərəfindən birmənalı qəbul olunmayıb.

Bir millət vəkilinin konfransında iştirak etdiyi təşkilatın mahiyyəti haqda məlumata malik olmaması mümkün deyil. Ancaq kimin harda iştirak etməsi və hansı təşkilata dəstək verməsi də onun hüququdur. Buna görə Razi Nurullayevə irad tutmuram. Sadəcə, bu addımı qəbul etmirəm.

Keçək, Nurullayevin bugünkü açıqlamasında bildirdiyi digər məsələlərə…

Güney Azərbaycan siyasi təşkilatları R.Nurullayevin dediyi kimi zəifdir. Amma bunun səbəbləri də bəllidir. Sual olunur, bu zəif təşkilatların gücləndirilməsi üçün Razi Nurullayev nə edib?

Belə çıxır ki, öz təşkilatlarımızı gücləndirmək əvəzinə düşmən, eləcə də ideologiyası bizi məhv etməyə yönələn təşkilatlara dəstək verməliyik?

Bilirik ki, bir neçə il əvvələ qədər Azərbaycan diasporu çox zəif və gücsüz idi. Azərbaycan diasporunun əsasını da Güney azərbaycanlılar təşkil edirdi. Diaspor Komitəsi yaranmazdan əvvəl, hətta ondan sonra da güneylilər Azərbaycan diasporuna böyük əmək verib. Heydər Əliyev və İlham Əliyevin diaspor nümayəndələri ilə görüşləri və onlara dəstəyini heç kim unutmayıb. Zəif təşkilatlara dövlətimizin dəstəyi bu gün Azərbaycan diasporunun güclənməsinə gətirib çıxarıb. Güclənməkdə hələ də davam edir. Dövlət başçılarımızın bu istiqamətdə nə qədər səy göstərdiyini gördük. Yəni zəifdir deyə, öz taleyinə buraxmadılar, “güclənib gələrsiniz” demədilər. Amma Razi bəyin məntiqilə, bizim təşkilatlar zəifdir deyə, düşmən təşkilatların konfransında iştirak etməli, onların antiazərbaycan və irqçi siyasətinə dəstək verilməlidir!

Xalq Mücahidləri İran daxilində əhalinin çoxu tərəfindən mənfur təşkilat sayılır. Xaricdə nisbi gücə malik təşkilat sayılmasına baxmayaraq, daxildə heç bir gücə və təsir imkanlarına malik deyil. Elə şahçıların tərəfdarları da eyni durumdadır. Bu təşkilatı dəstəkləmək, onun siyasi kursunu bəyənmək güneylilərin hansı problemini həll edəcək?

Razi Nurullayev, Bakıda minlərlə güneyli yaşayır, ciddi problemləri də var, amma bir dəfə də olsun öz problemlərini dilə gətirməyib və etiraz səslərini qaldırmayıb ki, dövlətimizin imicinə xələl gətirilməsin. Onlar hamısı sizin ətrafınızdadır, bəlkə də hər gün görürsünüz. İndiyə qədər hansına dəstək vermisiniz? İndiyə qədər neçə güneylinin təhsil alması üçün çaba göstərmisiniz? Parlamentdə güneylilərin hansı problemi ilə bağlı fəaliyyətləriniz olub? Onların zəifliyinin aradan qaldırılması üçün nələr etmisiniz, nələrə nail olmusunuz?

Bilirsiniz ki, güneylilərin təşkilatları maddi cəhətdən zəifdir, təşkilatı məsələlərini yerinə yetirə bilmir, böyük potensialları olsa da, ondan istifadə edə bilmirlər. Siz bir millət vəkili və siyasi təşkilat başqanı olaraq hansı güneyli təşkilata və ya güneyliyə dəstək vermisiniz?

Siz öz partiyanızı çox önəmli təşkilat hesab edirsiniz. Mətbu orqanınız var, təşkilatınızın qurumları və ayrı-ayrı bölmələri faəliyyət göstərir. Bu, sizin təşkilatın öz gücüdürmü? Yoxsa arxasında dayanan güclü maliyyə imkanlarının? Maliyyəniz iki ay dayansa, nə təşkilatınız qalar, nə media qurumunuz, nə də siyasi fəaliyyətiniz. Bunu bilə-bilə könüllü olaraq fəaliyyət göstərən, bütün həyatını milli məsələlərə həsr edən, ailəsini, varını və bütün imkanlarını milli mübarizədə qoyan insanlara “zəif” demək nə qədər ədalətlidir?

Dediyiniz o yüzlərlə təşkilatın güclənməsi üçün çalışmaq yerinə, bu təşkilatları özünə düşmən bilən başqa təşkilatı dəstəkləmək də siyasi savadsızlıqdır.

Razi bəy, deyirsiniz ki, dünya Güney təşkilatlarını qəbul etmir. Bunu hardan çıxartdınız, bilmirəm, amma Güney təşkilatları və ziyalılar dəfələrlə BMT-də və digər beynəlxalq təşkilatlarda iştirak edib, Azərbaycanın və azərbaycanlıların haqlarını müdafiə edib. BMT-nin İran üzrə hüquq müdafiəçiləri dəfələrlə güneylilərlə görüş keçirib, onların İranda haqlarının pozulduğu ilə bağlı bəyanatlar hazırlayıb. Sizin bunlardan xəbəriniz yoxdur, yəqin!

Konfransında iştirak etdiyiniz İran Xalq Mücahidləri Təşkilatı az qala Azərbaycan təşkilatlarına yalvarır ki, onlarla birlikdə olsunlar, milli kəsimi öz ətrafına toplasınlar. Bu, bizim təşkilatlardır ki, onları bəyənmir. Ona görə bəyənmir ki, Xalq Mücahidləri Təşkilatı azərbaycanlıların heç bir huququnu rəsmi şəkildə tanımaq istəmir, azərbaycanlıları “azəri” hesab edir.

Bildirmək istəyirəm ki, Güney azərbaycanlılar istər daxildə, istər xaricdə “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı altında birləşir və bunu öz mübarizələrinin əsas hədəfi seçib.

Və son olaraq sizdən xahişim: Güneyi bilmədən, Güneyin hansı proses içində olduğunu araşdırmadan, bu haqda danışmayın, düşmən dəyirmanına su tökməyin!

Teqlər: