İki ay olar Təbrizdə idim. “Dalğa” qrupu ilə məşq edirdik. Seçdiyimiz repertuarı bir daha dəqiqləşdirdik. İndi Bakıdayam.
Bu sözləri AzerTimes-a güneyli aşıq, “Dalğa” qrupunun rəhbəri Çingiz Mehdipur gələn ay paytaxt Bakıda verəcəkləri “Təbrizin səsi” adlı konsert proqramı haqqında danışarkən deyib.
Konsert üçün ciddi hazırlıqlar getdiyini deyən güneyli aşıq bildirib ki, Təbrizdəki musiqiçilərlə məşq başa çatıb, Bakıda isə işlər davam edir:
“Bakıda da oxuyanlarımız çoxdur. 7-8 nəfərimiz buradadır. Onlarla da məşq etməliyik. Repertuarımız zəngindir. Yeni mahnılarımız var ki, ilk dəfə bu konsertdə səsləndiriləcək. Bizimlə birgə Samir Cəfərov da olacaq. Çalışırıq ki, onun və dəyərli sənətkarımız Mirələm Mirələmovun səsindən yararlanaq. İnanıram ki, dekabr ayının 4-də Heydər Əliyev Sarayında nəzərdə tutduğumuz konsert yaddaqalan və unudulmaz olacaq. Çünki bu konsertin baş tutması üçün çoxdandır çalışırıq. Təəssüf ki, pandemiyadan bəri bu planı həyata keçirə bilməmişdik”.
Qeyd edək ki, dekabrın 4-də Heydər Əliyev Sarayında “Dalğa” qrupu konsert proqramı ilə çıxış edəcək. “Təbrizin səsi” adlı proqram üçün biletlərin qiyməti 30 manatdan 160 manata kimi nəzərdə tutulub.