Güneyin Quzeyə göndərdiyi əmanat: Aşıq Cavan – Video

Güneyin Quzeyə göndərdiyi əmanat: Aşıq Cavan – Video

Güney Azərbaycanın Qaradağ mahalından olan Aşıq Hüseyn Cavan ustad aşıqlardan olub.

AzerTimes xəbər verir ki, o, 1916-cı ildə Uti kəndində yoxsul bir ailədə dünyaya göz açıb. Atasının vaxtsız ölümündən sonra anası Zöhrə bir yaşlı oğlu Hüseyni xilas etmək ümidi ilə onu Quzey Azərbaycana gətirir. Hüseyn yeddi yaşından muzdurluq edir. 1927-ci ildən 1935-ci ilədək göyçəli Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Musanın şagirdi olur.

Bu sənətin sirlərini, şifahi xalq ədəbiyyatını dərindən öyrənib toy-düyünlərdə, el şənliklərində çıxış edir. Əsas yaradıcılığına isə 1940-cı ildən başlayıb. Onun ilk şeirləri “Gül Azərbaycan”, “Oyan, vətəndaşım”, “Ana vətən”, “Oktyabr” və b. Təbrizdə “Vətən yolunda” qəzetində yayımlanıb.

Aşıq Hüseyn Cavan 1938-ci ilin iyulunda Güney Azərbaycana köçüb Təbrizdə yaşayıb. Ancaq bu köç isə heç də könüllü yox, o dövrdə sovet rejiminin güneyli soydaşlarımıza qarşı amansız deportasiya siyasətindən dolayı baş tutur.

Aşıq o tayda milli-demokratik hərəkatın təlatümə gəldiyi zaman səngərləri gəzir, sazı və sözü ilə fədailəri qələbəyə ruhlandırır. Azərbaycan Milli Hökuməti onun bu fəaliyyətini “21 Azər” medalı ilə qiymətləndirir. 1946-cı ilin martında Təbrizdə Dövlət Dram Teatrı təşkil olunarkən o, direktor müavini vəzifəsində çalışır, inqilabi ruhlu nəğmələri ilə çıxış edir. Burada aşıqlar ansamblı da yaradır. Azərbaycan Demokrat Firqəsi və Milli Hökumət ona “xalq artisti” fəxri adını verib.

İranda Seyid Cəfər Pişəvəri hökuməti (Azərbaycan Demokrat Firqəsi) məğlub olandan sonra Sovet Azərbaycanına köç edən Aşıq Hüseyn Cavan yaradıcılığını yenidən davam etdirib. O, üç xalq dastanı yaradıb.
O, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışır. 1948-ci ildən Qasım İsmayılov (indiki Goranboy) rayonunun Əzizbəyov kəndində (indiki Kəhrizli) yaşayır.

Aşıq Hüseyn Cavan ümumittifaq xalq yaradıcılıq evinin tədbirlərində dəfələrlə iştirak edib, “Böyük teatr”da çıxışı hərarətlə qarşılanmışdı. Respublika özfəaliyyət incəsənət festivalının laureatı olub, 1953-cü ildə birinci dərəcəli diploma layiq görülüb.

Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə aşıqlar dəstəsinin rəhbəri kimi “Şərəf nişanı” ordeni ilə təltif olunub.

Onun “Azadlıq mahnıları” (1950), “Aşığın arzuları” (1950), “Şeirlər” (1953), “Sədəfli saz” (1956), “Qoşmalar” (1959), “Şeirlər” (1962), “Danış telli sazım” (1966), “El aşığı” (1975), “Bahar kimi” (1979) kitabları çap edilib.
Aşıq Hüseyn Cavan 1985-ci il noyabrın 14-də vəfat edib.

Aşıq şerinin bütün növlərində yazan Aşıq Cavan əsasən gəraylı və qoşmalara üstünlük verərək, Güney Azərbaycanın gözəlliklərini, qəhrəmanlarını şeirlərində vəsf edib.

O taylı-Bu taylı Azərbaycanın bir çox aşıqları onun təsiri ilə şeirlər yazıb.

Teqlər: