AzerTimes məşhur ozan Araz Elsəsin Publika.az-a müsahibəsini təqdim edir:
– İrandan getməzdən əvvəl nə ilə məşğul olurdunuz, Araz bəy?
– Əsgərlikdə idim, hərbi xidmət müddətim başa çatan kimi, bir neçə ay içində ölkədən çıxdım.
– Torpağa bağlılıq, yəqin ki, ailədən gəlir. Uşaqlığınızı necə xatırlayırsınız, necə ailədə böyümüsünüz?
– Balaca bir şəhərdə və çox sadə bir ailədə doğulmuşam. Təbiət vurğunuyam, tez-tez dağlara gedərdim, ümumiyyətlə dağçılıq və çölçülük həyatı mənə həmişə maraqlı olub. Sulduzun isə çox gözəl dağları, suları, bulaqları və çayları var idi.
– Övladlarınızı da eyni ruhda böyüdürsünüz?
– Bir qızım, bir oğlum var, onlar üçün yaxşı ata olmağa çalışıram. Atalıq missiyamı layiqincə yerinə yetirmək üçün əlimdən gələni edirəm. İnanıram ki, yaxşı ata olsam, onlar da idealarımı eyni dərəcədə sevəcək və yürüdüyüm yolda açdığım cığırla gedəcəklər.
– Dədə-baba yurdunuzdan ayrı düşəndən sonra hansı çətinliklərlə üzləşdiniz? Bu hekayədə sizi ən çox incidən nə oldu?
– Ayrılığın yaşı 30-u keçib… Enişli-yoxuşlu, ağrılı-acılı ömür yolum olsa da, şirin xatirələrim də çoxdur. İndi dayandığım nöqtədən gəldiyim nöqtəyə baxsaq, həyatımın hər hekayəsi mənə əzizdir. Çünki bu hekayədə bütün yollar haqqa aparır. İri addımlarla yolun sonundakı işığa yaxınlaşmağa çalışıram. O işıq millətimin yüksəlişi və bütövlüyüdür.
– Bəs Vətən həsrəti sizdən nələri aldı?
– Yurdumu, onun havasını və suyunu, çaylarını, bulaqlarını, ailəmi və dostlarımı, qohumlarımı və daha çoxunu! Amma qazandırdığı dəyərlər də oldu. Bu həsrət içimdə sönməz bir yanğıya döndü və yürüdüyüm yolda məni yorulmağa qoymadı. Millətimin, yurdumun dərdini hayqıran bir adama çevirdi məni.
– Azadlıq və yenilməzlik ruhu nə zaman yaradıcılığınızın ayrılmaz parçasına çevrildi?
– Torpağımdan və millətimdən. Yollar mənə deyir ki, yorulma, yürü, yolun sonuna az qalıb… Zaman da bunu göstərir, inanıram ki, çoxu gedib, azı qalıb.
– Ozanlar musiqi və şeir dili ilə hansı mesajları ötürməlidir? Ümumiyyətlə musiqiçilərin mahnılarda siyasi mesajlar verməsinə münasibətiniz necədir?
– Belə də olmalıdır. Musiqiçilər də, ədəbiyyatçılar da ətrafda baş verən siyasi olaylara öz münasibətini bildirməlidir. Dünyanın hər yerində belədir, kimi şeiri, kimi kitabı, kimi musiqisi, kimi də film vasitəsiylə öz yanaşmasını ortaya qoyur ki, cəmiyyətin inkişafına və ümumi rəyin formalaşmasına təsir göstərsin. Demokratik cəmiyyətlərdə bunların olması normal və bir o qədər vacibdir, toplumun gəlişməsində mühüm rol oynayır.
– Çıxışlarınızın birində Güney azərbaycanlıların azadlığı üçün “uladığınızı” demisiniz. Azərbaycanın bütövlüyünü görmək və onu yaşamaq sizin ən böyük arzunuzdur. Sizcə, bu gün güneyli azərbaycanlıların hamısı sizinlə eyni fikirdədir? “Ulusum, oyan” çağırışlarınız orada necə qarşılanır?
– Qurtuluş sözü qurdla bağlıdır və qurdun ulaması deməkdir. Neçə illərdir ki, Azərbaycanımızın Güneyində on minlərlə azərbaycanlı dağlarda və meydanlarda toplaşıb qurd kimi ulayır. Bunu “Traktor” futbol klubunun oyunlarında da görmək olar. Onların ulaması yurdumuzu və millətimizi qurtuluşa çağıran bir səsdir. İnanıram ki, yaxın gələcəkdə qurtuluşmuza çatacağıq və Quzeyimizlə birləşib böyük və bütöv bir Azərbaycana çevriləcəyik. Orada insanların böyük əksəriyyəti Azərbaycanı bütöv görmək istəyir, Cənubi Azərbaycanı İran içində görmək istəmirik.
– Arazın Arazla görüşü necə keçdi?
– İnanılmaz oldu, Arazla görüşməyi çoxdan arzu edirdim. Arazın Quzeyində, bayrağımızın dalğalandığı nöqtədə dayanıb Güneyə tamaşa etdim. Şanlı bayrağımızın Xudafərinin Güneyində də dalğalanacağı günlər yaxındadır. Azərbaycan bayrağı Xudafərinin cənubunda dalğalanan, bizim olmayan və bizə yaraşmayan bayrağa meydan oxuyurdu. İnanıram ki, millətimiz ayağa qalxacaq, o torpağın üzərində dalğalanmağa layiq olan ay-ulduzlu üçrəngli, şanlı bayrağımızı öz səmalarında dalğalandıracaq.
– İranda baş verən son proseslər haqqında nə düşünürsünüsüz? Hadisələrin yekun nəticəsi necə olacaq, rejimin devrilməsi mümkündürmi?
– Proseslər dörd aya yaxındır ki, davam edir və yeni ildə də davam edəcək. Yazda daha böyük hadisələrin baş verəcəyi gözlənilir, indi qışdır, bir az sakitlik var. İnsanlar da, hakimiyyət də müəyyən hazırlıqlarını görür. Etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs İrandakı ədalətsizliyə etiraz edir. İranın molla rejimi devrilənə qədər etirazlar dayanmayacaq.
Eyni zamanda milli problemlərimiz də var. İrandakı millətlər artıq öz bayraqları altında yaşamaq istəyir. İranda bu rejim çökərsə, Azərbaycan türklərinin milli istəklərini həyata keçirməsi üçün gözəl bir imkan yaranacaq. Azərbaycanın bütövləşməsi üçün millət olaraq buna hazırlıqlı olmalıyıq. Əlimizə verilən fürsəti qaçırmadan Azərbaycanımızı bütövləşdirəcəyik. 200 il kifayətdir, bu həsrət artıq bitsin!
– Cənubi Azərbaycanın müstəqilliyinə dair inancınız nə qədərdir, bunun üçün nələr edilməlidir, mühacirətdə olanların təşkilatlanması hansı səviyyədədir?
– Cənubi Azərbaycan sözü onun İrandan qurtulduğu ana qədər keçərlidir. Cənubi Azərbaycan Respublikasının qurulması anlamsızdır, Arazın Quzeyində dövlətimiz var, odur ki, yenidən bir dövlət qurmağımıza ehtiyac yoxdur. Azərbaycanın Güneyi ayağa qalxır, qurtulur və İran çətirinin altından çıxıb Quzeydəki dövləti ilə birləşib, bütöv Azərbaycana çevrilir. Orda yaşayan başqa millətlərdən fərqimiz oldur ki, hazır dövlətimiz var.
– İranda minlərlə adam edama məhkum olub, onlar arasında tanıdıqlarınız, yaxud musiqiçi dostlarınız varmı?
– Nə yazıq, o coğrafiyada bir çox ibtidai haqları əldə etmək üçün insanlar ağır sınaqlara məruz qalırlar. 21-ci əsrdə edam hökmlərinin verilməsi insanlıq üçün utancvericidir. Bu addımları ilə öz hakimiyyətlərinin ömrünü daha da qısaldırlar. Edam hökmləri onların özlərini çöküşə aparacaq, başqa yol yoxdur.
– İran hökumətinin Azərbaycan musiqisinə qarşı basqıları və məhdudiyətləri haqqında nə demək istərdiniz?
– 35-40 il əvvəl vəziyyət daha sərt və mürəkkəb idi. Azərbaycan musiqiçilərinin konsert verməsi, musiqi gecələri hazırlaması çox çətin idi. Zaman keçdikcə bəzi güzəştlərə getməyə məcbur oldular. Nisbətən düzəlsə də, problemlər hələ də var. İdeologiya baxımdan musiqi çox güclü silahdır, özəlliklə, insanların oyanışında.
– İranda yaşayan müxtəlif xalqların təşkilatları bu ölkədəki etniklərin azadlıq mübarizəsi, davam edən etirazlar fonunda qarşıda duran hədəflərlə bağlı bəyanat yayıb. Bəyanatda çox mühüm məsələlər yer alır. Sizcə, İran bu bəyanata necə cavab verəcək?
– Çoxmillətli ölkələr birlikdə yaşaya bilmədiyi zaman ayrılır və bayraqlarını qaldırırlar. İran çoxmillətli ölkə olduğu üçün millətlər yaranmış fürsətdən istifadə edəcəklər. Biz etnik deyilik, 40 milyon Azərbaycan türkü var. Odur ki, bizim orda hansı mövqeyi tutacağımız önəmlidir. Ərəblərin, kürdlərin və digər millətlərin verilən fürsətdən istifadə edib, istədiyi kimi yaşamaq haqları var. Ancaq başqa millətlərin nə edəcəyi öz işidir, Azərbaycan türklərinin istədiyi bizim üçün daha əsasdır.
– Bu yaxınlarda 51 yaşınızı qeyd etdiniz. Saçlarınız isə çoxdan bəyazlamağa başlayıb.
– Doğrudur, 51 yaşındayam, saçlara gəldikdə, onlar öz işində, mən də öz işimdəyəm…