Güney Azərbaycanda ekoloqlar Urmiya gölünün qurumasına etiraz kimi aksiya keçirmək istəyib. Lakin polis qüvvələri onlara əngəl törədib.
Bu sözləri AzerTimes-a milli fəal Qədir Cəliloğlu aksiya haqqında danışarkən deyib.
Onun sözlərinə görə, fəallar güc strukturlarının müqaviməti ilə üzləşsələr də ironik pankartlar açmağa nail olublar:
“Yayın gəlişi və temperaturun artması ilə Urmu gölünün tamamilə quruması təhlükəsi də yüksəlir. Buna dəfələrlə etiraz edən ətraf mühit fəalları gölün qurumasına diqqət çəkmək üçün aksiya keçiriblər. Ətraf mühit fəalları quruyan Urmiya gölünün yanında “Qərb, Şərq, Kürdüstan əyalətlərinin nümayəndələrinə və hakimiyyət orqanlarına bəndlər tikməklə gölün qurumasına kömək etdikləri üçün təşəkkür edirik” sözləri yazılmış ironik plakat nümayiş etdiriblər. Urmiya gölünün təsviri həkk olunmuş köynəklərdə “Azərbaycanın Urmiya gölünün məhv olmaq təhlükəsi var” yazısı da diqqətdən qaçmayıb. Onlar “Urmu golünün quruması, Azərbaycanın yox olmasıdır” kimi şüarlar da səsləndiriblər. Lakin aksiyanı sona kimi davam etdirə bilməyiblər”.
O bildirib ki, ciddi basqıya məruz qalan fəalların həbsi istisna olunmur:
“Bu aksiyanı keçirənlər sorğuya çəkilib. Bir neçə saat dindirilmədən sonra sərbəst buraxılıblar. Lakin yaxın zamanlarda onların həbsə məruz qalacağı ilə bağlı narahatlığımız var”.
Qeyd edək ki, vaxtilə ərazisi 6000 kvadrat kilometrə çatan Urmiya gölünün sahəsi 530 kvadrat kilometrə qədər kiçilib.