Narkomaniyanın az yayıldığı yer kimi təmiz bölgələr siyahısında birinciliyini qoruyan Güney Azərbaycanda son illər vəziyyət sürətlə dəyişməkdədir.
AzerTimes xəbər verir ki, bu dəyişimin səbəblərindən biri də Avropaya narkotiklərin daşınması üçün Güney bölgələrindən tranzit marşrutu kimi istifadə edilməsidir. SEPAH-ın himayə etdiyi narkobaronlar və qruplar Əfqanıstandan əldə edilən narkotiklərin Azərbaycan Respublikası, Ermənistan, Türkiyə və İraq vasitəsilə Avropaya göndərilməsi üçün Güney Azərbaycandan tranzit marşrutu kimi istifadə edirlər.
Türkiyə və Azərbaycan Respublikası ilə sərhəd bölgələrdə narkotik maddə aludəçilərinin sayının kəskin artması hökumətin nəzarəti altında fəaliyyət göstərən həmin cinayətkar dəstələrin əməyinin nəticəsidir.
Narkotiklərlə mübarizə üzrə beynəlxalq təşkilatların dərc etdiyi xəritələrə görə də İranın şimal-qərb bölgəsi (Güney Azərbaycan) Əfqanıstan, Pakistan və İrandan Avropaya narkotik tranzit marşrutlarının kəsişdiyi yerdir.
Həmçinin, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətində narkotik maddələrin aşkarlanması və narkotik maddə aludəçilərinin sayı ilə bağlı verilən son statistikalar yuxarıda deyilənləri təsdiq edir.
Məlumatların müqayisəsindən sonra xüsusən son 10 il ərzində adıçəkilən 3 Azərbaycan əyalətində narkomanların sayının ortalama iki dəfə artdığı məlum olur.
Qərbi Azərbaycan əyalətində narkotik maddə aludəçilərinin sayı ilə bağlı əyalətin Natkotiklərlə Mübarizə Polisinin başçısı polkovnik İbrahim Cəlilpənah 2022-ci ilin may ayından 2023-cü ilin may ayınadək əyalətdə 72 mindən çox narkomanın qeydiyyata alındığını deyib.
Ərdəbil əyalətinin polis rəisi Cavad Təqəvi də iyunun sonunda verdiyi açıqlamada əyalətdə narkoman sayının və narkotik maddələrin dövriyyəsinin kəskin artdığını etiraf edib.
Bununla yanaşı, Şərqi Azərbaycan əyalətinin Narkotiklərlə Mübarizə Koordinasiya Şurasının başçısı Əmir Rəncbər Şərqi Azərbaycanda 2400 qadın narkomanın rəsmi qeydiyyata alındığını, bunun əyalət üzrə narkotik maddə aludəçilərinin, təxminən, 3 faizini təşkil etdiyini bildirib.
O, Şərqi Azərbaycanda narkotik istifadəçilərinin, təxminən, 5 faizə yaxınının məktəblilər və tələbələr olduğunu söyləyib:
“Ölkədə narkomaniyanın yayılması 5,4, Şərqi Azərbaycanda isə 1,22-dir ki, bu da Şərqi Azərbaycanın narkomaniyanın yayılma səviyyəsinə görə İran üzrə 28-ci yerdə olduğunu göstərir”.
Narkotiklərlə Mübarizə Koordinasiya Şurasının başçısı son illər aludəçilərin sayının artmasına baxmayaraq, əyalətin hələ də təmiz bölgələr siyahısında olduğunu qeyd edub.
Qeyd edək ki, göstərilənlər rəsmi statistikadır, qeyri-hökumət təşkilatları və bu sahədə fəaliyyət göstərən müstəqil ekspertlər narkomanların sayı və narkotik maddələrin dövriyyəsinin rəsmi məlumatlarda göstəriləndən azı iki dəfə çox olduğunu bildirirlər.