SOCAR AQŞ “Günəşli” yatağında daha bir quyunun qazma işlərini başa çatdırıb.
SOCAR AQŞ-dən AzerTimes-a verilən məlumata görə, 7 saylı dəniz stasionar özülündən 356 nömrəli quyunun qazma işlərini keyfiyyətlə, ətraf mühitə zərər vurmadan və təhlükəsiz şəkildə yekunlaşdırıb.
Quyu yekun təsdiqlənmiş profilə uyğun olaraq qazılmış və sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyinə təhvil verilib.
Quyunun qazılması zamanı Sağlamlıq Texniki Təhlükəsizlik Ətraf Mühitin Mühafizəsi tələblərinə uyğun işlər aparılıb, heç bir bədbəxt hadisə, zədələnmə və quyuda udulma ya təzahür baş verməyib.
356 saylı quyunun 8 ½” seksiyasının (ikinci lülə) qazılması zamanı qazma alətinin aşağı hissəsində təkmilləşdirmə aparılmış və seksiya tam profilə uyğun olaraq qazılıb.
Nəticədə 7” istismar kəməri uğurla endirilib sementlənmiş və sifarişçiyə yüksək hasilatla təhvil verilib.
SOCAR AQŞ-nin Baş Direktoru Samir Mollayev deyib: “Quyunun qazılmasında iştirak edən, yaranan çətinliklərin həllində öz töhvəsini verən, qərarların icrasına məsuliyyətlə yanaşan və əməliyyatların düzgün qaydada yerinə yetirilməsində rolu olan SOCAR-ın “Azneft” İstehsalat Birliyinə və SOCAR AQŞ-nin hər bir əməkdaşına təşəkkür edirik. Biz inanırıq ki, gələcəkdə də quyular planlaşdırılmış qaydada heç bir problem olmadan qazılacaq və əməliyyatlar uğurla icra ediləcəkdir.”