Günəşdə iki yüksəkdərəcəli partlayış qeydə alınıb.
AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.
“Martın 20-də Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə 03:27-də) rentgen diapazonunda 15 dəqiqə davam edən M2.1 partlayışı qeydə alınıb. Moskva vaxtı ilə saat 10:36-da isə rentgen diapazonunda 24 dəqiqə davam edən M7.4 partlayışı müşahidə olunub. Partlayış qısa radiodalğalarda kəsilmələrlə müşayiət olunub”, – deyə məlumatda bildirilib.
İkinci partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsir səviyyəsi, kosmik hava məlumatlarına əsasən, beşlik şkala üzrə R2 (orta) səviyyəsinə yüksəlib ki, burada ən yüksək göstərici R5-dir (ekstremal).
Günəşdə partlayışlar bir qayda olaraq, günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, bu da Yerdə maqnit qasırğalarına səbəb ola bilir.