Martın 15-də Bakıda Azərbaycanla “Masdar” şirkəti (BƏƏ) arasında
bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üzrə dörd
anlaşma memorandumu imzalanıb.
İmzalanan sənədlər çərçivəsində yaxın 1,5 il ərzində Bakının
Qaradağ rayonunda 230 meqavatt gücündə günəş elektrik stansiyasının
tikintisi planlaşdırılır. Layihənin investisiya dəyəri 225 milyon
dollar təşkil edir.
Eyni zamanda, memorandumlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında “yaşıl” və təmiz enerji məsələlərinin işlənməsini
nəzərdə tutur. Kəlbəcər-Laçın zonasında 100 meqavatt gücündə külək
elektrik stansiyasının tikintisi planlaşdırılır. Eyni zamanda,
xarici investisiyalar hesabına regionda günəş enerjisini inkişaf
etdirmək nəzərdə tutulur.
İldə 3 milyard kilovatt/saat gücündə olacaq Qaradağ günəş
elektrik stansiyasının istismara verilməsi Azərbaycana ildə 110
milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.
“Azərbaycanın bərpa olunan enerji sahəsində əməkdaşlığı onun
regional və beynəlxalq iqtisadi arenada mövqelərini
möhkəmləndirəcək”.
Bunu Trend-ə
ekspert İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq Azərbaycanın xarici
iqtisadi fəaliyyətinin vacib komponentidir.
“Bu təşəbbüslərin reallaşdırılması ölkəmizə BƏƏ və Səudiyyə
Ərəbistanı kimi ölkələrlə xarici iqtisadi fəaliyyəti
şaxələndirməyə, ərəb ölkələri və Yaxın Şərqin aparıcı
iqtisadiyyatları ilə əlaqələri aktivləşdirməyə imkan verəcək. Bu,
həm də Azərbaycanın regional və beynəlxalq iqtisadi arenada
mövqelərini möhkəmləndirəcək”, – deyə o bildirib.
Ekspert deyib ki, bu layihə həm də Azərbaycanın enerji
təhlükəsizliyinin möhkəmlənməsinə və müxtəlif mənbələrdən elektrik
enerjisi istehsalına yönəlib.
“Mövcud geosiyasi vəziyyətdə enerji təhlükəsizliyi ilə bağlı
məsələlər təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır.
Qeyd etək lazımdır ki, günəş elektrik stansiyalarının tikintisi
Azərbaycana dayanıqlı enerji balansı yaratmağa, ənənəvi enerji
mənbələrini qeyri-ənənəvi mənbələrlə əvəz etməyə, “yaşıl” enerji
ilə bağlı milli göstəriciləri təkmilləşdirməyə və yeni
texnologiyaların ölkənin enerji sisteminə tətbiqi prosesini
stimullaşdırmağa imkan verəcək”, – ekspert deyib.
Öz növbəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun
direktor müavini İqbal Quliyev bildirib ki, Azərbaycanda bərpa
olunan enerji mənbələrinin inkişafı ölkəyə iqlim sahəsində
məqsədlərə çatmasına xidmət edir.
O bildirib ki, bərpa olunan enerji mənbələrinin tətbiqi və
enerji səmərəliliyinin artırılması daxili neft və qaz istehlakını
azaldacaq.
“Bu isə karbohidrogen ixracı həcmlərinin artırılmasından əlavə
gəlirlər qazanmağa imkan verəcək”, – deyə o qeyd edib.
Son illərdə qlobal iqlim çağırışları, aparıcı ölkələrin “yaşıl”
enerji və “yaşıl” iqtisadiyyat sahələrində ambisiyalı öhdəliklərı
və strategiyaları enerji sektoruna mühüm təsir göstərir. Azərbaycan
“yaşıl” enerji siyasəti ilə bağlı aydın yanaşma, hədəf və
tapşırıqlara malikdir. Azərbaycan “yaşıl” enerjiyə, ekoloji təmiz
enerji texnologiyalarına, hidrogen istehsalına və bərpa olunun
enerji mənbələrinə keçidlə bağlı məqsədləri dəstəkləyir. Bu
istiqamətlər Azərbaycanın milli sosial-iqtisadi inkişaf
prioritetlərinin vacib hissəsidir. Əlbəttə, martın 15-də imzalanmış
memorandumlar bu prioritetlərin icrasına mühüm töhfə verəcək.
(Tərcümə: Orxan Nəbiyev)