Günay Əfəndiyeva ilə Rövşən Muradov arasında görüş keçirilib (FOTO)

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov arasında görüş keçirilib.

AzerTimes-ın məlumatına görə, görüşdə Fondun fəaliyyəti haqqında məlumat verən Günay Əfəndiyeva, təşkilat tərəfindən türk dünyasının qədim və zəngin mədəniyyətinin təbliğ edilməsi, beynəlxalq aləmdə tanıdılması, gələcək nəsillərə ötürülməsi məqsədilə layihələrin həyata keçirildiyini, konfranslar, dəyirmi masalar təşkil edildiyini, kitablar nəşr etdirildiyini vurğulayıb.

Günay Əfəndiyeva Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin yalnız Azərbaycanın deyil, ümumilikdə türk dünyasının mədəni həyatında təqdirəlayiq addım olduğunu vurğulayıb. Fondun prezidenti “Nizami Gəncəvi İli” çərçivəsində fond tərəfindən bir sıra tədbirlərin, layihələrin keçirilməsi və dahi şairə həsr olunmuş kitabların çap olunması istiqamətində işlərin aparıldığını bildirib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən görülən işləri yaxından izlədiyini qeyd edən Günay Əfəndiyeva, bu ilin may ayının 20-də mərkəz tərəfindən təşkil edilən Prezident İlham Əliyevin iştirak etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, dövlətimizin başçısının öz çıxışında tarixi həqiqətləri bütün açıqlığı ilə dünyaya haqlı şəkildə çatdırmasının önəmini vurğulayıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov görüşün baş tutmasına görə fondun prezidenti Günay Əfəndiyevaya təşəkkürlərini bildirib. O, mərkəzin dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə qlobal tədbirlərin keçirilməsi, o cümlədən Nizami Gəncəvinin zəngin irsinin qorunması istiqamətində müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını və nüfuzlu beynəlxalq ekspertlərini ətrafında birləşdirən bir təşkilat olduğunu qeyd edib.

Rövşən Muradov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların maddi-mədəni irsinin araşdırılması və qorunması istiqamətində çox dəyərli işlər gördüyünü vurğulayaraq, fond ilə mərkəz arasında əməkdaşlığın vacibliyi məsələsinə toxunub, tərəfdaşlıq münasibətlərinin gələcəkdə mühüm töhfələr verəcəyini bildirib. O, türk dünyasının dahi şairi Nizami Gəncəvinin zəngin yaradıcılığının tanıdılması, təbliği ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində bir sıra layihələrin keçirilməsinin önəmindən bəhs edib.

Görüş fikir mübadiləsi ilə davam edib, tərəflər bir-birinə kitablar hədiyyə ediblər.

Teqlər: